İnqilab Şahbazovun “Tədqiqat metodları” kitabının təqdimatı olub - FOTO

Tarix: 26 Dec 2025 19:33

Azərbaycan Elm Assosiasiyasının həmsədri, gənc tədqiqatçı İnqilab Şahbazovun “Tədqiqat metodları” adlı kitabının təqdimatı və imza günü keçirilib.

APA xəbər verir ki, təqdimat mərasimində tanınmış ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər.

Müəllif kitab haqqında danışarkən bildirib ki, ingilis dilində bu tip kitablar o qədər çoxdur ki, insan onları görəndə istər-istəməz düşünür: bəs niyə ana dilimizdə yoxdur? Onun sözlərinə görə, əvvəldən hazır bir iddiası olmayıb, sadəcə bu sualı özünə verib: niyə bizim dildə bu cür kitablar yoxdur?

“A-dan Z-yə qədər, birinci mərhələdən sonuncu mərhələyədək proses aparılacaq. Ən azından tələbələr, tədqiqatçılar və maraqlanan hər kəs araşdırma zamanı müraciət edəcəyi mənbəni bu kitabda tapsın. Əsas məsələ ondadır ki, bu kitab işi mümkün qədər sadələşdirəcək. Kitab akademik material kimi dəyərləndirilə bilər, ən azından mahiyyət etibarilə elədir. Ədəbiyyatla birbaşa əlaqəsi yoxdur və ədəbi mətn kimi nəzərdə tutulmur. Amma buna baxmayaraq, elə formada hazırlanıb ki, hər kəs başa düşə bilsin. Yəni yalnız doktorantlar və ya dar ixtisas sahibləri üçün nəzərdə tutulmayıb”.

Tədbirdə çıxış edən sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, bu kitab gələcəyə hesablanan gözləntiləri də əks etdirir:

“Bu sahə ilə bağlı bu gün də cəmiyyətdə baxışlar bir qədər ziddiyyətlidir. Hələ də biz bunu tam şəkildə hiss etdirə bilmirik ki, bu proseslər hər gün, demək olar ki, hər an baş verir. Sosiologiya sadəcə kənardan baxılan bir sahə deyil. İnsanlarımız bunu yavaş-yavaş dərk etməyə başlayır. Jurnalistlər də bu məsələlərin həllində getdikcə daha fəal rol alırlar. Çünki artıq sosial mövzulara həsr olunmuş kitablarımız var və bu sahə tətbiqi baxımdan geniş oxucu kütləsinə malikdir”.

Sonda müəllif oxucular üçün kitabını imzalayıb.

İlkin Naib İnqilab Şahbazov “Tədqiqat metodları” kitabı

Xəbər Lenti