Əhali “ASB”dən 43 mln. depoziti geri çəkib - Mənfəəti azalıb

Tarix: 15 Jan 2024 10:07

"Azərbaycan Sənaye Bankı" 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, ötən il “Azərbaycan Sənaye Bankının"nin xalis mənfəəti 2022-ci illə müqayisədə 3.2% azalaraq 5 milyon 119 min manat təşkil edib. 2022-ci ildə bank 5 milyon 285 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 32.4% artaraq 33 milyon 189 min manat, faiz xərcləri isə 47% artaraq 17 milyon 89 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 12 milyon 313 min manat ( illik müqayisədə 16.9% çox ), qeyri-faiz xərcləri isə 22 milyon 160 min manata ( illik müqayisədə 18.2% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 6 milyon 248 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilə nisbətən 20.8% çoxdur.

Ötən il bankın aktivləri 0.2% və ya 1.6 milyon manat artaraq 749 milyon 248 min manat təşkil edib. Bu dövrdə “Azərbaycan Sənaye Bank”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 6.2% artaraq 256 milyon 472 min manata çatıb.

Bu dövrdə “Azərbaycan Sənaye Bankı”nın cəmi öhdəlikləri 634 milyon 928 min manat təşkil edib ki, bu da illik müqayisədə 0.4% və ya 2.6 milyon manat azdır. Hesabat dövründə bankın depozit portfeli də 2% və ya 8.9 milyon manat artaraq 458 milyon 647 min manata yüksəlib.

Bu dövrdə fiziki şəxslərin( əhalinin) depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% və ya 43 milyon azalaraq 310 milyon 157 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozit portfeli isə 54% və ya 52 milyon manat artaraq 148 milyon 488 min manat təşkil edib.

2024-cü il yanvar ayının 1-nə “Azərbaycan Sənaye Bankı”nın cəmi kapitalı ötən ilin müvafiq ilə müqayisədə 3.9% və ya 4.3 milyon manat artaraq 114 milyon 320 min manat təşkil edib.

Xəbər Lenti