Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 16 Jan 2024 13:45
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 31.12.2023 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.
"APA-Economics"in ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 68,1% təşkil edib, bu da ilin əvvəlində qeydə alınan göstəricisi (31.12.2022 tarixinə - 73,7%) ilə 5,6 faiz bəndi azdır.
Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 16,6%-i "AA" reytinqli, 8,6%-i "A" reytinqli, 6,5%-i "BBB" reytinqli, 0,2%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.
Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 24%-i 0-1 il (31.12.2022 tarixinə - 22,5%), 26%-i 1-3 il, 22,4%-i 3-5 il, 27,6%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib. Bu da o deməkdir ki, Fond yerləşdirmə tarixi daha az olan istiqrazlar və pul bazarı alətlərinə investisiyalarını artırıb.
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 065,44 mln. dollara çatıb.