Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 16:25
Hesablama Palatasının 2026–2030-cu illəri əhatə edən yeni Strateji Planı təsdiqlənib.
"APA-Economics" bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, sənəd ali audit orqanının növbəti beş il üçün əsas fəaliyyət istiqamətlərini və prioritetlərini müəyyən edir.
Yeni Strateji Plan 2021–2025-ci illəri əhatə edən Strateji Planın icra müddətinin başa çatması fonunda, əvvəlki dövrdə əldə edilmiş nəticələr, aparılmış qiymətləndirmələr və cari vəziyyətin təhlili nəzərə alınmaqla hazırlanıb.
Strateji Planın formalaşdırılması prosesində əsas maraqlı tərəflərlə səmərəli işgüzar münasibətlər qurulub, onların gözləntiləri təhlil edilərək sənəddə əksini tapıb. Eyni zamanda, yeni Strateji Planda nəticəəsaslı çərçivə daha da genişləndirilib, ilk dəfə olaraq bir sıra əsas performans göstəriciləri üzrə beş illik proqnoz dinamikası müəyyən edilib.
Sənəddə Dövlət Auditi İnformasiya Sisteminin tam qurulması, rəqəmsal həllərin və data analitika alətlərinin genişləndirilməsi, mümkün istiqamətlərdə süni intellektin tətbiqi, beynəlxalq audit standartlarının daha geniş tətbiqi və audit tövsiyələri əsasında dövlət maliyyə idarəetməsinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub.
Rahim Tarıverdiyev Hesablama Palatası HP