"PAŞA Bank"ın xalis mənfəəti azalıb - HESABAT

Tarix: 15 Jan 2026 17:28

"PAŞA Bank" 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci il ərzində "PAŞA Bank"ın xalis mənfəəti əvvəlki il müqayisədə 29.3% azalaraq 148 milyon 896 min manat təşkil edib. 2024-cü il bank 210 milyon 538 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 13.4% artaraq 542 milyon 55 min manat, faiz xərcləri isə 62.7% artaraq 197 milyon 577 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 265 milyon 912 min manata ( illik müqayisədə 5.9% çox), qeyri-faiz xərcləri isə 360 milyon 72 min manata ( illik müqayisədə 4.1% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 250 milyon 496 manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 4.5% azdır.

Cari ilin yanvar ayının 1-nə bankın aktivləri ötən ilin əvvəli ilə müqayisədə 14.4% və ya 1 milyard 187.1 milyon manat artaraq 9 milyard 407.3 milyon manata bərabər olub . Ötən il "PAŞA Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3.9% və ya 128.8 milyon manat artaraq 3 milyard 432 milyon manat olub.

Bu dövrdə "PAŞA Bank"ın cəmi öhdəlikləri 8 milyard 489.5 milyon manat təşkil edib ki, əvvəlki illə müqayisədə 16.1% və ya 1 milyard 176.3 milyon manat çoxdur. Bankın ümumi depozit portfeli ötən il 17.8% və ya 1 milyard 142.1 milyon manat artaraq 7 milayrd 552.1 milyon manat olub.

2026-cı il yanvar ayının 1-nə "PAŞA Bank"ın cəmi kapitalı ötən ilin əvvəli ilə müqayisədə 1.2% və ya 10.9 milyon manat artaraq 917 milyon 765 min manat təşkil edib.

Şükran Məmmədov "PAŞA Bank" Hesabat

Xəbər Lenti