“Bank Melli İran”ın Bakı filialının mənfəəti kəskin azalıb - HESABAT

Tarix: 16 Jan 2026 09:55

“Bank Melli İran”ın Bakı filialının 2025-ci il üzrə xalis mənfəəti kəskin azalıb.

"APA-Economics" filialın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bankın xalis mənfəəti 2024-cü ildəki 7,7 mln. manatdan 2025-ci ildə 4,4 mln. manata enib, bu da 42,8% azalma deməkdir.

Hesabat dövründə bankın faiz gəlirləri 11,8% artaraq 5,67 mln manat təşkil edib. Faiz xərcləri olmadığı üçün xalis faiz gəlirləri isə eyni səviyyədə formalaşıb.

Eyni zamanda, aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalar 77,7% azalaraq 6,6 mln manatdan 1,48 mln manata düşüb. Bu, risk xərclərinin əvvəlki illə müqayisədə kəskin azalmasına və kredit portfeli üzrə təzyiqlərin zəifləməsinə işarə edir.

Bununla yanaşı, bankın digər gəlirləri 42,8% azalaraq 4,7 min manata enib. İnzibati xərclər 11,3% azalaraq 1,93 mln. manata, haqq və komissiya xərcləri isə 24% azalaraq 149,3 min manata enib.

Filialın ümumilikdə vergidən əvvəlki mənfəəti 2024-cü ildəki 9,28 mln. manatdan ötən il 5,34 mln. manata düşüb.

Balans göstəricilərinə gəlincə, bankın cəmi aktivləri 2025-ci ilin sonuna 120,3 mln. manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 1% artım deməkdir. Filial ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaları 33,8% azaldaraq 32,7 mln. manatdan 21,7 mln manata endirib. Əvəzində maliyyə institutlarından alınacaq vəsaitlər 35,1% artaraq 55,1 mln manata, müştərilərə verilmiş kreditlər isə 54,4% artaraq 2,3 mln. manata yüksəlib.

Eyni zamanda, nağd pul vəsaitləri və banklararası müxbir hesablar üzrə vəsaitlər 7% azalaraq 36,1. mln manat olub.

İran bankının Bakı Filialının cəmi öhdəlikləri isə 4,6% azalaraq 66,9 mln. manata düşüb. Belə ki, maliyyə institutları qarşısında öhdəliklər 32,1% azalaraq 11,4 mln. manat, təxirə salınmış mənfəət vergisi üzrə öhdəliklər isə 76,4% azalaraq 420 min manat təşkil edib. Bununla yanaşı, müştəri hesabları 4,2% artaraq 37,1 mln. manata, subordinasiya borc öhdəlikləri isə 13% artaraq 18,0 mln. manata yüksəlib.

Kapital mövqeyində isə müsbət dinamika qeydə alınıb. Belə ki, Filialın ili mənfəətlə bitirməsi onun yığılmış zərərini 18% və ya 4,4 mln. manat azaldıb. Bu isə bankın cəmi kapitalının 2025-ci ilin sonuna 9% artaraq 53,4 mln. manata çatdırıb.

Rahim Tarıverdiyev Bank Melli İran bank hesabat

Xəbər Lenti