Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 20:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü olub.
APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Tedros Adhanom Qebreyesusun əvvəlki görüşləri məmnunluqla xatırlandı.
Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizin təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə dəstəyi qeyd edildi. Bu xüsusda COVID-19 pandemiyası zamanı Azərbaycanın bir sıra ölkələrə könüllü maliyyə yardımı göstərməsi xüsusi olaraq vurğulandı.
Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Firuzə Vahid