Ukrayna səfiri: Azərbaycanın humanitar yardımı ağır dövrdə son dərəcə vacibdir, bunu unutmayacağıq

Tarix: 20 Jan 2026 15:27

“Bu gün ilk növbədə həmrəyliyimizi ifadə etmək istəyirəm, çünki bu gün 20 Yanvardır — Qara Yanvar günüdür. Biz hər zaman Azərbaycan xalqı ilə həmrəyik, daim sizinləyik və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və azadlığını həmişə dəstəkləyirik”.

APA xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev jurnalistlərə açıqlamasında bildirib.

“Biz xüsusilə bu gün Azərbaycan tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndiririk. Bu gün biz daha bir humanitar yardım paketini qəbul edirik ki, bu da qış dövründə, Rusiya tərəfindən elektrik infrastrukturumuza edilən terror hücumlarından sonra bizim üçün son dərəcə vacibdir”, - diplomat qeyd edib.

Ukrayna səfiri Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirib.

Yuri Husyev Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirdiklərini, bu ağır dövrdə göstərilən dəstəyi heç vaxt unutmayacaqlarını qeyd edib.

Qeyd edək ki, Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib. Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib. Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27,000 metr kabel və naqil daxildir. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri 1 milyon ABŞ dollarıdır. Xatırladaq ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon ABŞ dollarını keçib.

Günay Elşən

Toğrul Quluzadə

Ukrayna humanitar yardım

Xəbər Lenti