Prezident: Bir gün Ermənistandan birbaşa Azərbaycan vasitəsilə tranzit təmin ediləcək və o gün uzaqda deyil

Tarix: 20 Jan 2026 20:08

“Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzitə icazə verilsin”.

APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb: “Hazırda isə Ermənistan tərəfdən Ermənistandan Rusiyaya tranzitin təmin olunması ilə bağlı müraciət almışıq. Beləliklə, biz de-fakto birtərəfli qaydada dəhlizləri açmışıq. Bəli, hazırda daşımalar Gürcüstan üzərindən həyata keçirilir, lakin bir gün Ermənistandan birbaşa Azərbaycan vasitəsilə tranzit təmin ediləcək və o gün uzaqda deyil”.

Firuzə Vahid

Xəbər Lenti