Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 11:10
Birləşmiş Millətlər Təşkilatının Azərbaycana müvəqqəti rezident əlaqələndiricisi təyin olunub.
APA xəbər verir ki, bu barədə məlumat BMT-nin veb səhifəsində yerləşdirilib.
Qeyd edilib ki, BMT-nin Azərbaycandakı müvəqqəti Rezident Əlaqələndiricisi vəzifəsinə İqor Qarafuliç təyin olunub. Xatırladaq ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın səlahiyyət müddəti yanvarın 8-də başa çatıb.
Qeyd edək ki, İqor Qarafuliç öz vəzifəsini Vladanka Andreyevanın yerinə təyin olunan və hazırda başqa ölkədə resident ələqələndirici vəzifəsini icra edən BMT rəsmisi Azərbaycana gələnədək müvəqqəti icra edəcək. Verilən məlumata görə yeni təyin olunan resident əlaqələndirici öz vəzifəsini 1 iyul 2026-cı il tarixindən icra etməyə başlayacaq.
İqor Qarafuliç Birləşmiş Millətlər Təşkilatı sistemi və dövlət qulluğunda Latın Amerikası və digər regionlarda tutduğu yüksək vəzifələr vasitəsilə əldə etdiyi beynəlxalq inkişaf, iqtisadi siyasət, siyasi dialoq və çoxtərəfli kommunikasiya sahələrində geniş təcrübəyə malikdir.
İqor Qarafuliç 2024-cü ilin oktyabr ayından 2025-ci ilə qədər Paraqvayda BMT-nin rezident əlaqələndiricisi vəzifəsini müvəqqəti olaraq icra edib. O, bundan əvvəl Peruda (2019–2024) və Hondurasta (2018–2019) BMT-nin rezident əlaqələndiricisi vəzifələrində çalışmışdır.
Rezident əlaqələndiricisi təyinatlarından əvvəl cənab Qarafuliç Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) bir sıra yüksək vəzifələr tutmuşdur. O, Qvatemalada Ölkə direktoru (2014–2018), Latın Amerikası və Karib hövzəsi üzrə Regional Bürosunda Aparat rəhbəri (2010–2014), eləcə də BMTİP-in Latın Amerikası və Karib hövzəsi üzrə Regional Ofisində Baş məsləhətçi (2010) vəzifələrində çalışmışdır.
İlqar Xudiyev BMT-nin Azərbaycana müvəqqəti rezident əlaqələndiricisi