- , 22 Dekabr, 2024
Tarix: 22.01.2024 14:07
Əməkdar artist Niftulla Əsgərov dəfn olunub.
APA xəbər verir ki, əvvəlcə mərhum aktyorla Lənkəran Dram Teatrında vida mərasimi keçirilib.
Mərasimdə əməkdar artistin ailəsi, yaxınları və sənət dostları iştirak edib.
Ardından cənazə Lənkəranın Girdəni kənd qəbiristanlığına aparılaraq dəfn olunub.
Qeyd edək ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən aktyor bu gün səhər saatlarında vəfat edib.
***
10:15
Əməkdar artist Niftulla Əsgərov vəfat edib.
Bu barədə APA-ya Lənkəran Dram Teatrından məlumat verilib.
Aktyor uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub.
Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maаrif şöbəsinin özfəaliyyət dram kollektivinin rəhbəri tam kursunu bitirdikdən sonra təhsilini Rostov Pedaqoji İnstitutunda davam etdirib. 1986-cı ildən Lənkəran Mədəniyyət şöbəsində mədəniyyət evinin direktoru vəzifəsində çalışıb. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyorudur.
Teatrda S.M.Qənizadənin "Xor-xor”əsərində Seyfulla, İ.Məlikzadənin "Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin "Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun "Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin "Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H. Mirələmovun "Vicdanın hökmü”ndə Aşot, B. Nuşiçin "Nazirin xanımı”nda Çeda, N.Nərimanovun "Nadir şah”nda Əliəşrəf bəy və sair obrazlara səhnə həyatı verib.
Paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib.
2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!