Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Tarix: 21 Jan 2026 16:52

Ukrayna Xarici İşlər Nazirliyi növbəti humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, Rusiya qış aylarında mülki enerji infrastrukturunu hədəf almağa davam etdiyindən, enerji dəstəyi Ukrayna vətəndaşları üçün olduqca vacib olaraq qalır.

Rəsmi Kiyev Ukraynaya enerji infrastrukturu məsələsində yardım elan edən bütün ölkələrə, o cümlədən Azərbaycana təşəkkür edib.

"Azərbaycan Rusiya hücumlarından təsirlənən bölgələrdə elektrik təchizatının bərpasına kömək etmək üçün enerji avadanlığı - 12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator və 27 000 metr kabel göndərib”, - məlumatda deyilir.

Qeyd edilib ki, bundan əlavə, Niderland və Slovakiyadan da enerji və tibbi avadanlıqların Ukraynaya çatdırılması gözlənilir.

“Həm hərfi, həm də məcazi mənada istilik verən dəstəyə görə tərəfdaşlarımıza minnətdarıq. Bu dəstək tək olmadığımızı sübut edir”, - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa vurğulayıb. Qeyd edək ki, yanvarın 20-də Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib.

Ukrayna Azərbaycan

Xəbər Lenti