Səfir: Ukrayna Azərbaycanla hərtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqdir

Tarix: 22 Jan 2026 11:02

Ukrayna Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev ölkəsinin Birlik Günü münasibətilə məqaləsində bildirib.

Onun sözlərinə görə, bu, qarşılıqlı hörmət, etimad və beynəlxalq hüququn fundamental normaların ortaq sədaqət prinsiplərinə əsaslanır.

Diplomat qeyd edib ki, Azərbaycan ardıcıl şəkildə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və mühüm humanitar yardım göstərir: “Bu həftə Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya növbəti humanitar yardım partiyası göndərildi. Bu yardıma güclü generatorlar, transformatorlar, elektrik kabelləri və aşağı gərginlikli panellər daxildir. Biz Azərbaycan rəhbərliyinə və xalqına Ukraynaya çətin dövrdə göstərilən həmrəyliyə və bu əhəmiyyətli dəstəyə, habelə zərər çəkmiş regionlardan olan ukraynalı uşaqlar üçün sağlamlaşdırma və reabilitasiya proqramına, İrpin şəhərində sosial obyektlərin bərpasına, dərman vasitələrinin, ərzaq məhsullarının, yanacağın və Ukraynanın kritik enerji infrastrukturunun bərpası üçün zəruri avadanlıqların tədarükünə görə səmimi minnətdarlığımızı bildiririk”.

Yuriy Husyev vurğulayıb ki, Ukrayna da öz növbəsində hər zaman Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir.

Səfir ikitərəfli gündəlikdə energetika sahəsində əməkdaşlığın xüsusi yer tutduğunu diqqətə çatdırıb: “2025-ci ildə “Naftoqaz Ukrayna” Milli Səhmdar Cəmiyyəti ilə SOCAR şirkəti arasında Türkiyə, Bolqarıstan və Rumıniya ərazisindən keçməklə Ukraynaya Azərbaycan təbii qazının pilot partiyasının tədarükünə dair müqavilənin imzalanması Ukrayna üçün enerji təchizatı mənbələrinin şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi məsələsində əsl irəliləyiş olub. Ukrayna energetika, logistika, enerji resurslarının nəqli, bərpa olunan enerji mənbələrinin inkişafı və infrastrukturun modernləşdirilməsi sahələrində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq Qara dəniz–Xəzər regionunda təhlükəsizliyin, sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynayır. Dövlətlərimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı fəaliyyəti və bir-birinə göstərdiyi dəstək Ukrayna–Azərbaycan münasibətlərinin strateji xarakterini və onların beynəlxalq hüququn ümumtanınmış prinsiplərinin müdafiəsinə yönəldiyini təsdiqləyir”.

Yuri Husyev əlavə edib ki, Ukrayna 2026-cı ildə Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə, energetika sektorunda, nəqliyyat və logistika sahələrində, investisiyaların cəlb olunması, səhiyyə, təhsil və mədəniyyət istiqamətlərində birgə layihələrin həyata keçirilməsinə sadiqdir: “Biz əminik ki, Ukrayna–Azərbaycan strateji tərəfdaşlığının inkişafı regional təhlükəsizliyin möhkəmləndirilməsinə, iqtisadi artıma və suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsiplərinə əsaslanan ədalətli sülhün bərqərar olmasına bundan sonra da töhfə verəcək”.

Qeyd edək ki, Ukrayna yanvarın 22-də Birlik Gününü qeyd edir.

İlqar Xudiyev Ukrayna Azərbaycan Ukrayna səfiri Yuriy Husyev

Xəbər Lenti