Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 15:56
APA-nın Davosa ezam olunmuş əməkdaşının Ümumdünya İqtisadi Forumunun illik toplantısından reportajı
Hər il olduğu kimi, bu il də İsveçrənin Davos qəsəbəsində soyuq və qarlı hava Ümumdünya İqtisadi Forumunun iştirakçılarını sınağa çəkirdi. Davosun şaxtası dünyanın ən nüfuzlu siyasi liderlərinin, iqtisadi nəhənglərinin bir araya gəlib əhəmiyyətli görüşlər, qızğın müzakirələr keçirməsinə və tarixi qərarlara imza atmasına mane ola bilmədi. Ümumdünya İqtisadi Forumu bu il rekord səviyyədə – 130-dan çox ölkədən təxminən 3 min yüksək səviyyəli nümayəndənin qatıldığı qlobal dialoq platformasına çevrildi.
Azərbaycan Prezidentinə xüsusi diqqət
Forumun məqsədi təkcə iqtisadi gündəmi müzakirə etmək deyil, eyni zamanda, qlobal təhlükəsizlik, sülh prosesi və yeni regional əməkdaşlıq modellərini təsbit etmək idi.
Foruma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qatılmışdı. Dövlət başçısının yanvarın 19-dan 23-nə qədər davam edən bu nüfuzlu beynəlxalq platformada iştirakı, keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlərə maraq isə çox böyük idi.
Prezident İlham Əliyevin Davosda gündəlik proqramı çox sıx və məhsuldar oldu. O, nüfuzlu media qurumlarına müsahibə verdi, forum çərçivəsində müxtəlif tədbirlərdə iştirak etdi, bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirdi. Prezident İlham Əliyev Forum çərçivəsində ən çox görüş keçirən liderlərdən biri oldu.
Azərbaycan Prezidentinin Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Çex Respublikasının Baş naziri Andrey Babiş və digər rəsmi şəxslərlə görüşlərində Azərbaycanın Avrasiya məkanında strateji əhəmiyyəti, enerji və nəqliyyat sektorunda əsas iştirakçı statusu, həmçinin, regionun iqtisadi və siyasi inkişafında rolu vurğulandı.
Bununla yanaşı, dövlət başçısı aparıcı beynəlxalq maliyyə qurumları və şirkətlərin rəhbərləri ilə də görüşdü. Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos, aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi, “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski, dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon kimi şəxslərlə görüşlərində əsasən regional əməkdaşlıq, investisiya imkanları, enerji təhlükəsizliyi və ümumi təhlükəsizlik məsələləri müzakirə olundu.
Azərbaycan Prezidenti, həmçinin, “Euronews” telekanalına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak etdi və müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırdı.
Prezidentin “Euronews”a müsahibəsi yerli və xarici medianın diqqət mərkəzində
Prezident İlham Əliyevin Davosda “Euronews”a müsahibəsi də istər ölkə, istərsə də dünya mediasında xüsusi diqqət çəkdi. Müsahibədə dövlət başçısı Azərbaycanın dəyişən beynəlxalq sistemdə tutduğu praqmatik və realist mövqeyini aydın şəkildə ortaya qoydu. Prezident beynəlxalq hüququn zəiflədiyi, güc amilinin önə çıxdığı yeni qlobal reallıqda hər zaman qeyd etdiyi kimi, Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasət yürütdüyünü vurğuladı. Prezident İlham Əliyev Cənubi Qafqazda Ermənistanla əldə edilən sülhün region üçün həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından strateji fürsət kimi təqdim etdi. Müsahibədə enerji məsələləri Azərbaycanın əsas geosiyasi üstünlüyü kimi ön plana çıxır və Azərbaycanın Cənubi Qafqazın əsas enerji təchizatçısı və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğu bir daha diqqətə çatdırılır.
Eyni zamanda, Prezident İlham Əliyev müsahibə zamanı Avropa Parlamenti ilə münasibətlərə də aydınlıq gətirib və hazırda münasibətlərin mövcud vəziyyəti Azərbaycanın siyasi müstəqilliyini qorumaq strategiyasının tərkib hissəsi kimi dəyərləndirilib. Ümumilikdə, müsahibə regional liderlik, enerji diplomatiyası və sülh gündəliyini bir-biri ilə uzlaşdıran Azərbaycanın balanslı xarici siyasət xəttini nümayiş etdirir.
Sülh, əməkdaşlıq və yeni yanaşmalar
Yanvarın 20-də Davos Forumunda ən mühüm hadisələrdən biri Prezident İlham Əliyevin iştirak etdiyi “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel idi. Paneldə Azərbaycan, Ermənistan və Serbiya prezidentləri iştirak edirdi.
Davos Forumunda Azərbaycan və Ermənistan prezidentlərinin birgə iştirakı diqqət mərkəzində idi. Uzun müddət davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin sülh prosesi kontekstində eyni platformada çıxış etməsi region üçün mühüm mesaj kimi qəbul olunurdu.
Panel Cənubi Qafqazda uzun illər davam edən münaqişədən sonra sülh prosesinin konkret addımlarla necə özünü göstərdiyini nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında sülh prosesinin nəticələrinin artıq real iqtisadi əməkdaşlıqla əks olunduğunu vurğuladı. Dövlət başçısı bildirdi ki, artıq ticarət üçün neft məhsulları Azərbaycandan Ermənistana göndərilir, yükdaşımalar həyata keçirilir, bölgədə iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranır.
Prezident İlham Əliyev panel çərçivəsində artıq Ermənistandan Rusiyaya yüklərin nəql edilməsi ilə bağlı müraciətin daxil olmasını ilk dəfə səsləndirdi və qeyd etdi ki, bu gün bu daşımalar Gürcüstan vasitəsilə həyata keçirilir: “Ancaq bir gün bu, Ermənistan ərazisindən həyata keçiriləcək. Bir gün Ermənistana məxsus yüklər birbaşa Azərbaycan vasitəsilə daşınacaq və həmin gün çox da uzaqda deyil”.
Azərbaycan Prezidenti, həmçinin, Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilən TRIPP layihəsinin region üçün əhəmiyyətinə toxundu və diqqətə çatdırdı ki, bu layihə Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana, Ermənistana, Azərbaycanın bir parçası olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan yeni bir nəqliyyat dəhlizi olacaq.
Ermənistan Prezidenti Vaaqn Xaçatryanın çıxışı da diqqət çəkirdi. O, Ermənistanın sülh prosesinə siyasi iradə ilə qatıldığını, liderlərin birlikdə sülh üçün qətiyyət göstərdiklərini və yeni əməkdaşlıq modelinin formalaşdığını vurğuladı.
Ermənistan Prezidenti çıxışında sülh prosesinə iki ölkənin liderlərinin göstərdiyi iradənin əsas şərt olduğunu qeyd etdi. O bildirdi ki, sülh şəraitində əməkdaşlıq və qarşılıqlı dəstək artıq reallıqdır və bu, iki ölkə arasında yeni əməkdaşlıq dövrünü açır.
Xaçatryan Azərbaycan liderinin, demək olar ki, bütün sözləri ilə razılaşdığını da dilə gətirdi: “Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə əlavə etmək çətindir. Mən də artıq sadəcə təkrar etməyə məcburam. Azərbaycan Prezidentinin söylədikləri mənim fikirlərimlə üst-üstə düşür”.
Serbiya Prezidenti Aleksandar Vuçiç isə paneldə Azərbaycan Prezidentini “müasir dünyada böyük, dahi, bacarıqlı, suveren liderlərdən biri” adlandırdı. Vuçiç vurğuladı ki, belə liderlərin varlığı yalnız region üçün deyil, ümumilikdə Avrasiya inteqrasiyası və əməkdaşlıq üçün vacib nümunədir.
Bu panel, sadəcə, sülh gündəmini deyil, eyni zamanda, Avrasiya regionunun gələcək iqtisadi və siyasi xəritəsinin necə formalaşmasının vacibliyini bir daha ortaya qoydu.
Prezidentlərin bəyanatları həm də bölgədə yeni əməkdaşlıq formalarının mümkünlüyünü ortaya qoydu, sülhə yönəlmiş iradənin mövcud olduğunu nümayiş etdirdi.
Panelə diqqət də çox böyük idi. Hətta Serbiya Prezidenti Aleksandar Vuçiç panelə olan marağa görə təəccübünü gizlədə bilmədi.
Davos Forumunda Əliyev–Tramp sammiti
Forum çərçivəsində Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüş xüsusilə diqqət çəkirdi. Donald Trampla keçirilən görüşdə iki liderin dialoqu səmimi və açıq mühitdə baş tutdu. Görüşdə tərəflər Azərbaycan–ABŞ münasibətlərinin inkişafından, qarşılıqlı əməkdaşlıq perspektivlərindən və geniş geosiyasi mövzular haqqında fikir mübadiləsi apardılar. Görüşdə Trampın ABŞ-ın sülh təşəbbüslərində oynadığı rol xüsusi vurğulandı, Azərbaycanın “Sülh Şurası” layihəsinin təsisçisi kimi dəvət olunması da bu strateji tərəfdaşlığın göstəricisi kimi qiymətləndirildi.
Bu görüşə yalnız iki ölkənin prezidentləri deyil, rəsmi şəxslərin, həmçinin, senatorların qatılması da diqqətdən qaçmadı. Xüsusilə ABŞ Dövlət katibi Marko Rubionun iştirakı bu dialoqun daha geniş diplomatik və geosiyasi kontekstdə həyata keçirildiyini göstərdi. Rubio görüşdə “Sülh Şurası” təşəbbüsünü alqışlayaraq bunu sülh üçün yeni və effektiv bir platforma adlandırdı.
Azərbaycan “Şülh Şurası”nda
Şübhəsiz ki, Davos Forumunun ən əlamətdar hadisəsi Qəzza üzrə “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanması mərasimi oldu.
ABŞ Prezidenti Donald Trampın təşəbbüskarı olduğu qurumun yaradılması Davosda rəsmiləşdi. Azərbaycan Prezidenti İlham Əliyev də mərasimdə iştirak etdi və sənədi imzaladı. Bununla da, Azərbaycan təsisçi üzv dövlət kimi “Sülh Şurası”na qoşuldu.
Ölkəmizin ABŞ tərəfindən bu mühüm təşəbbüsə qoşulmağa dəvət olunması həm də Prezident İlham Əliyevə, onun liderlik keyfiyyətlərinə münasibətin göstəricisi kimi qəbul olunmalıdır.
Azərbaycanın beynəlxalq səviyyədə aktiv rolu
Davos Forumu bu il siyasi və diplomatik baxımdan daha isti və dinamik keçdi. Prezident İlham Əliyevin iştirakına beynəlxalq medianın və digər liderlərin reaksiyası isə xüsusilə yüksək oldu.
Liderlər arasında səmimi dialoqlar, sülh mesajları və yeni əməkdaşlıq təşəbbüsləri Davosu bir daha qlobal siyasətin mərkəzinə çevirdi.
56-cı Ümumdünya İqtisadi Forumu sülh proseslərinin müzakirəsi, qlobal əməkdaşlıq çağırışları ilə əlamətdar oldu. Prezident İlham Əliyevin forumda iştirakı, dövlət başçısına xüsusi diqqət və onun mesajları isə Azərbaycanın yalnız regionda deyil, beynəlxalq səviyyədə də sülh və əməkdaşlıq təşəbbüslərində aktiv rolunu göstərdi.
Firuzə Vahid Prezident İlham Əliyev İsveçrə Davos İsxak Hersoq Donald Tramp TRIPP Sülh Şurası Aleksandr Stubb Cənubi Qafqaz Marko Rubio Aleksandr Vuçiç Avropa Parlamenti Ermənistan Prezidenti Andrey Babiş “Euronews” telekanalı





