Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpasında gənc mütəxəssislər fəal iştirak edirlər - FOTO

Tarix: 26 Jan 2026 19:52

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində təhsil infrastrukturu mərhələli şəkildə bərpa olunur. Bu prosesdə müxtəlif regionlardan olan gənc mütəxəssislər də fəal iştirak edirlər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Yevlax rayon sakini Şəmsiyyə Şəmsəddinova 2020-ci ildə ali təhsilini başa vurduqdan sonra işğaldan azad edilmiş ərazilərdə çalışmağı qarşısına məqsəd qoyub. O, müəllimlərin işə qəbulu imtahanında iştirak edərək seçim zamanı yalnız Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbini qeyd edib. Qısa müddət sonra ən yüksək bal toplayaraq həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayıb.

Ş.Şəmsəddinovanın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə çalışmağa qərar verdiyi zaman ailəsinin, xüsusilə atasının ilkin tərəddüdü ilə qarşılaşıb. Lakin sonradan ailəsi onun seçiminə hörmət edib.

Ağalı kənd tam orta məktəbində fəaliyyət göstərən digər gənc müəllim isə kimya fənni üzrə tədris aparan Cəfər Cabbarlıdır. Zəngilan rayon sakini olan C.Cabbarlı da məktəbin pedaqoji heyətində yer alır. Hər iki müəllim bölgədə təhsilin inkişafına töhfə verməyi əsas məqsəd kimi qarşıya qoyduqlarını bildiriblər.

C.Cabbarlının sözlərinə görə, Ağalı kənd tam orta məktəbi regionun “Ağıllı məktəb” konsepsiyası əsasında qurulan təhsil müəssisələrindən biridir. Məktəb 360 şagird yerlikdir, bütün sinif otaqları ağıllı lövhələrlə təchiz olunub, yüksək sürətli internetə çıxış mövcuddur və fərdi kabinetlər fəaliyyət göstərir.

Qeyd edək ki, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası üzrə istifadəyə verilən ilk təhsil müəssisəsidir. Hazırda məktəbdə 288 şagird təhsil alır, 18 müəllim çalışır. 2022-ci ildə istifadəyə verilən təhsil ocağında STEAM otağı, İKT kabineti, üç laboratoriya, kitabxana və idman zalı yaradılıb.

Elgün Gəncimsoy Zəngilan Ağalı məktəb müəllim

Xəbər Lenti