Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 11:03
Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları müəyyənləşir. APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları aşağıdakılardır: - uşaqların mənafelərinin üstünlüyünün qanunda təsbit edilməklə tanınması; - uşaqların müdafiəsinin və onlara qayğının ilk növbədə təmin edilməsi; - cəmiyyətin bərabərhüquqlu üzvü olaraq uşağın hüquq və azadlıqlarına hörmət edilməsi; - uşağa aid qərarların qəbul edilməsindən əvvəl qanuna əsasən araşdırmanın aparılması və uşağın öz fikrini ifadə etmək hüququnun təmin edilməsi; - uşağın ayrı-seçkiliyin və zorakılığın bütün formalarından müdafiəsinin təmin edilməsi; - hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsinin, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsi məqsədilə ailələrə dövlət dəstəyinin göstərilməsi; - valideynlərin (onları əvəz edən şəxslərin), cəmiyyətin uşaqların hüquq və azadlıqlarına dair məlumatlılıq səviyyəsinin və valideyn məsuliyyətinin artırılması; - uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi sahəsində dövlət və qeyri-dövlət müəssisələri arasında əməkdaşlığın təmin edilməsi; - uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin pozulmasına, onlara zərərin yetirilməsinə görə vəzifəli şəxslərin, habelə fiziki və hüquqi şəxslərin məsuliyyətinin müəyyən edilməsi; - uşağın müdafiəsi üzrə tədbirlər görülərkən himayənin, tərbiyənin və təhsilin sabitliyinin və fasiləsizliyinin təmin edilməsi; - uşağın hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin dövlət, cəmiyyət və ailə tərəfindən qorunması və müdafiəsi. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları öz fəaliyyətində uşaqların hüquq və azadlıqlarını üstün tutmalı, onların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və dövlət orqanlarının (qurumlarının) qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər vurmamalıdır.
Firuzə Vahid Milli Məclis “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi uşaqların mənafeləri