Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 14:56
Valideyn öhdəliklərində ana dilinin, Azərbaycan dilinin öyrədilməsinin vacibliyi mütləq şərt olaraq öz əksini tapmalıdır. APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib. Deputat deyib ki, bəzi valideynlər uşaqları xarici dillərdə danışan dayələrə əmanət edirlər: “Nəticədə uşaq ən yaxşı halda böyüdükdə Azərbaycan dilini öyrənməyə başlayır. Azərbaycan dilini bilməməyin hansı problemlərə səbəb olacağını hamı bilir. Uşaqların formalaşmasında və tərbiyəsində vacib rol oynayan dayə kimi çalışan şəxslərin Azərbaycan dilini bilməsi önəmlidir”. Naqif Həmzəyev qeyd edib ki, süni intellektlə işləyən oyuncaqlarda da dil məsələsinə ciddi nəzarət tətbiq edilməlidir: “BigiOne”, “Alisa”, “Miki3”, “Loona” və.s kimi oyuncaqlarda Azərbaycan dili aktiv edilməlidir. Eyni zamanda uşaqların mavi ekrandan az istifadə etməsinə dair valideyn öhdəlikləri müəyyənləşdirilməlidir”.
Firuzə Vahid Deputat Naqif Həmzəyev valideyn öhdəlikləri ana dili