Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 16:44
Qanun layihəsində uşaqların hüquqları vəzifələrindən daha çox təsbit edilib. APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib. Adil Vəliyev deyib ki, layihədə “Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və hüquqları” adlanan və cəmi 6 maddənin təsbit olunduğu 6-cı fəsil fabulasına görə digər fəsillərin fövqündə yer alır: “Uşağın əsas hüquq və azadlıqları, onların həyata keçirilməsinin dövlət təminatları” adlanan 3-cü fəslin həcmi ilə qeyd etdiyim fəslin həcmi arasında vizual olaraq disproporsional fərq vardır. Lakin, məsələyə Azərbaycan reallığı kontekstindən baxsaq, əminliklə ifadə etmək olar ki, bəzi liberal demokratik dövlətlərin qanunvericiliyində ifrat dərəcədə yer almış mücərrəd uşaq hüquqları və təminatları ilə bağlı gəlişigözəl sözlərin yer aldığı hüquqi normalardan fərqli olaraq, bizim bu qanundan yaxın gələcəkdə gözləntimizə görə daha çox məhz həssas kateqoriyaya aid olan uşaqların sözügedən hüquqlardan bəhrələnməsidir. Çünki Parlamentə və aidiyyatı mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlərin mütləq əksəriyyəti məhz həssas kateqoriyadan olan uşaqların hüquqlarının pozulması ilə bağlıdır. Uşaq hüquqları ilə bağlı qanunvericilik yalnız bir fundamental hüquqi sənəddən ibarət deyil. Bununla belə, çətin həyat şəraitində olan, xüsusilə də sosial təhlükəli vəziyyətdə olan, məişət zorakılığına məruz qalan uşaqlar barəsində qüvvədə olan “Sosial xidmət haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” , “Məişət zorakılığı haqqında” qanunlarda nəzərdə tutulmuş tədbirlər lazımi qaydada tətbiq edilmir. Bu qanunlardakı müvafiq normalar qarşılıqlı şəkildə əlaqədə olub, daha mürəkkəb kompleksi ehtiva edən Uşaq hüquqları haqqında Qanunun hüquqi komponentləridir. Yəni fundamental hüquqi empirik baza vardır. Amma gərək Uşaq hüquqları haqqında Qanun işlək olsun ki, əlaqəli qanunvericilik aktları da praktiki işlək vəziyyətə gəlsin. Əminəm ki, bu hüquqi sənədin qəbulu ilə sözügedən problem də həllini tapacaq. Bir məqam da müsbət mənada qeyd olunmalıdır. Bu layihədə dövlətin vəzifələri onun hüquqlarından, uşaqların hüquqları isə onun vəzifələrindən daha çox təsbit edilib ki, bu da qanunun uğurlu yanaşmasıdır”.
Firuzə Vahid Adil Vəliyev Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi uşaq hüquqları