Çərşənbə, 28 Yanvar, 2026
Tarix: 28 Jan 2026 19:30
"Böyrək çatışmazlığından əziyyət çəkən xəstə transplantasiyası üçün Mərkəzi Klinik xəstəxanaya müraciət etmişdi. Müayinələr zamanı eyni zamanda qarın aortasının böyükhəcmli anevrizması aşkarlanmışdı və bu səbəbdən əməliyyat olunmalı idi".
Bunu APA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru, professor Kamran Musayev deyib.
"Müayinələri dərinləşdirdikdə məlum oldu ki, xəstənin eyni zamanda ürək damarlarında da tutulmalar var. Geniş konsilium keçirdikdən sonra müalicə strategiyamız belə müəyyən olundu: əvvəlcə ürək damarlarının dəyişdirilməsi əməliyyatı, yəni açıq ürək əməliyyatı aparıldı və ürək damarları dəyişdirildi. Bir ay sonra isə eyni seansda həm qarın aortası anevrizmasının protezləşdirilməsi, həm də böyrək transplantasiyası əməliyyatı icra olundu. Bir ay ərzində bu əməliyyatları keçirən xəstəni biz bu günlərdə yaxşı vəziyyətdə evə yola saldıq. Buna görə də hamımız çox qürurluyuq", - o deyib.
***
17:04
Azərbaycanda ilk dəfə eyni əməliyyat prosesində ikiqat transplantasiya
Azərbaycanda ilk dəfə eyni əməliyyat prosesində xəstəyə ürək-damar və böyrək transplantasiyası edilib.
APA xəbər verir ki, əməliyyat Mərkəzi Klinik Xəstəxanasında həyata keçirilib.
Əməliyyatı icra edən həkimlər
Əməliyyatı Mərkəzi Klinikanın həkimləri – kardioloq, tibb üzrə fəlsəfə doktoru, professor Kamran Musayevlə transplantoloq Taryel Nadirov icra ediblər.
Xəstənin ilkin müraciəti və aşkar olunan problemlər
Taryel Nadirov APA-ya açıqlamasında bildirib ki, yaxın günlərdə Mərkəzi Klinik Xəstəxanada üzərində mürəkkəb əməliyyat aparılan şəxsin 65 yaşı var: “Xəstə bizə böyrək köçürülməsi üçün müraciət etdikdə müayinələr zamanı xəstənin ürək damarlarında ciddi şəkildə daralma və aortasında isə anevizma, yəni genişlənmə müşahidə edildi.
İlkin mərhələdə ürək-damar cərrahiyyəsi
Bunları nəzərə alaraq, əvvəlcə xəstənin ürək-damar cərrahiyyəsi müzakirə olundu. Doktor Kamran Musayev tərəfindən xəstəyə aorta koronar şuntlama (sinə və qoldan alınan arteriyaların və ya ayaqlardan alınan damarların ürəyin tıxanmış koronar arteriyasına körpü kimi bağlanaraq ürəyi qanla təkrar bərpa etmə prosesidir – red.) əməliyyatı icra olundu. Əməliyyat uğurla başa çatdı və əməliyyatdan sonra xəstə təkrarən nefroloqun və kardioloqun nəzarətinə alındı”.
Eyni əməliyyat prosesində iki müdaxilə
Transplantoloq qeyd edib ki, iki ay sonra isə xəstəyə eyni anda iki əməliyyat bir yerdə icra olunub: “Əvvəlcə doktor Kamran Musayev tərəfindən aorta anevizmasının ləğvi və aorta damarının süni damarla əvəz edilməsi əməliyyatı icra olundu. Daha sonra isə mənim tərəfindən həmin bu süni damara xəstənin həyat yoldaşının bağışladığı böyrək köçürüldü. Qeyd edim ki, köçürülən böyrəyin iki arteriyası iki var idi və hər iki arteriya ayrı-ayrılıqda bu süni damara anastomoz edildi. Venası isə aşağı boş venaya anostomoz olundu. Xəstəyə köçürülən böyrəkdən əməliyyat stolunda sidik çıxışları başladı.
Əməliyyatdan sonrakı vəziyyət
Bu gün əməliyyatdan artıq bir həftə keçir. Xəstənin vəziyyəti, kreatin dəyərləri tam normaldır. Xəstəni bu gün lazımi məsləhətlər verərək evinə göndərməyi bacardıq”.
Mərkəzi Klinik Xəstəxana Kamran Musayev Taryel Abbasov transplantasiya. əməliyyat ürək damar böyrək cərrah