Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq

Tarix: 05 Feb 2026 09:37

Fevralın 28-də axşam maraqlı astronomik hadisə - “planetlərin böyük paradı” baş verəcək.

Bu barədə APA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat verib.

Bildirilib ki, həmin tarixdə gün batandan sonra altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmanın müəyyən bir hissəsində müşahidə olunacaq.

Bu zaman planetlərin dördü adi gözlə, ikisi isə optik alətlərlə görünəcək. Belə hadisələr nadir baş verir və axşam saatlarında müşahidə üçün əlverişli olması onu daha da cəlbedici edir.

Ən parlaq obyektlərdən biri olan Venera, eləcə də Yupiter və Saturn asanlıqla seçiləcək. Merkuri üfüqə yaxın olduğundan müşahidə üçün üfüqü açıq olan ərazilər – dənizkənarı və şəhərdən kənar məkanlar tövsiyə olunur. Uran və Neptun isə yalnız binokl və ya teleskop vasitəsilə görünəcək.

Bakı üçün ən əlverişli müşahidə vaxtı təxminən saat 19:10–20:30 aralığında olacaq.

Fevralın 28-də altı planetin eyni vaxtda görünməsi bu hadisəni “planetlərin böyük paradı” kateqoriyasına daxil edir. Belə hadisələr orta hesabla 10–20 ildən bir, bu qədər əlverişli axşam şəraitində isə daha da nadir halda baş verir.

Gülcahan İmanqızı parad BDU planet

Xəbər Lenti