Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib - FOTO

Tarix: 05 Feb 2026 23:36

Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb. APA-nın Şirvan bürosu xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə bu gün Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib. Qəbələdə Heydər Əliyev Konqres Mərkəzində “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının ilk konserti təqdim olunub. Musiqisevərlərin böyük marağına səbəb olan festival klassik musiqinin tanınmış ifaçılarını bir araya gətirib. Dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunmuş gecədə Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və Azərbaycan Dövlət Simli Kvarteti səhnə alıblar. Festivalın ilk konserti Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrinə həsr olunub. Səhnədə tanınmış pianoçular və kamera musiqi kollektivləri çıxış edərək dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. 4 gün gün davam edəcək festival çərçivəsində müxtəlif janrlarda konsert proqramları təqdim olunacaq. Tədbirin əsas məqsədi klassik musiqinin təbliği, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi və Qəbələnin musiqi və turizm mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsidir.

İlham Əhmədov

Xəbər Lenti