Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

Tarix: 12 Feb 2026 19:07

Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.

APA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumata görə, 9–13 fevral tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir. Sessiya çərçivəsində fevralın 11-də “Ordubad Tarix-Memarlıq Qoruğu”nun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Qeyd edilib ki, 1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin siyahısına daxil edilib. Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 21 fevral 2024-cü ildə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir.

Qeyd olunub ki, Ordubadın ICESCO-nun İlkin Siyahısına daxil edilməsi həmçinin 2026-cı ildə ölkəmizdə elan edilmiş "Şəhərsalma və Memarlıq İli"nə də mühüm töhfədir.

Növbəti mərhələdə Mədəniyyət Nazirliyi tərəfindən nominasiyanın ICESCO-nun Əsas Siyahısına daxil edilməsi istiqamətində işlər aparılacaq.

İlkin Naib Ordubad şəhəri ICESCO İslam Dünyası İrsinin İlkin Siyahısı

Xəbər Lenti