Azərbaycanda Merlər Razılaşması çərçivəsində 5 mln. avro dəyərində layihələr həyata keçiriləcək

Tarix: 13 Feb 2026 12:42

Merlər Razılaşması çərçivəsində Azərbaycanda bələdiyyələr üçün 5 milyon avro dəyərində layihələr həyata keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bunu "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə təşəbbüsün Yerli Dayanıqlı İnkişaf koordintoru Maksim Vereşçak bildirib.

Onun sözlərinə görə, Merlər Razılaşması çərçivəsində Azərbaycanda 6 bələdiyyəyə layihələrin hazırlanmasında yardım göstərilir: "Layihələri maliyyələşməyə hazır vəziyyətə gətirmək üçün onlar üçün yaşayış və ictimai binaların enerji auditini həyata keçirmişik. Beləliklə, indi əlimizdə potensial investorlara təqdim edə biləcəyimiz 11 bina üzrə 11 sənəd var. Bu layihələrin ümumi dəyəri 5 milyon avrodan çoxdur", - Maksim Veresçak qeyd edib.

O əlavə edib ki, qeyd olunan layihələr Mingəçevir, Xırdalan, Şəki, Yevlax, Gəncə və Şamaxıda həyata keçirilir.

Qeyd edək ki, Naxçıvandan əvvəl eyni maarifləndirici tədbirlər Bakı və Şəki şəhərlərində təşkil olunmuşdu.

Merlər Razılaşması – Şərq Tərəfdaşlığı, Qlobal Merlər Razılaşması ailəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüs şəhərlərin iqlim liderliyi üzrə dünyanın ən böyük alyansıdır və 13 500-dən çox şəhər və yerli hakimiyyət orqanının öhdəlikləri üzərində qurulub. Bu şəhərlər 6 qitə və 147 ölkəni təmsil edir və ümumilikdə 1,2 milyarddan çox əhalini əhatə edir.

Emil İsmayılov layihə razılaşma

Xəbər Lenti