S&P: Regionda özəl sektorun ən aşağı borclanma səviyyəsi Azərbaycandadır

Tarix: 14 Feb 2026 12:27

Azərbaycanda özəl sektorun ÜDM-ə nisbətdə borclanma səviyyəsi təxminən 26% təşkil edir ki, bu da Gürcüstan, Ermənistan və Özbəkistanla müqayisədə daha aşağı göstəricidir və Qazaxıstan və Qırğızıstanın səviyyəsinə uyğundur.

“APA-Economics” xəbər verir ki, bu barədə S&P Global Ratings beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Agentliyin qiymətləndirməsinə görə, regionda xarici valyutada kreditləşmənin payı ən aşağı olan ölkə də Azərbaycandır. 2025-ci ilin sonuna olan göstəricilərə əsasən, valyuta kreditlərinin payı təxminən 16% səviyyəsində olub.

S&P-nin proqnozlarına əsasən, Azərbaycanda kreditləşmənin artım tempinin 2026-cı ildə 10–12%-ə qədər yavaşlayacağı gözlənilir ki, bu da 2025-ci ilin səviyyəsinə uyğun olacaq. Müqayisə üçün qeyd edilib ki, əvvəlki dörd ildə kredit portfelinin orta illik artımı təxminən 18% təşkil edib.

Agentlik əlavə edib ki, iqtisadi artımın neft və qaz hasilatında durğunluq fonunda zəifləməsi gözlənsə də, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun olaraq sistem üzrə 3-cü mərhələ problemli kreditlərin payı 4,5–5% intervalında sabit qalacaq.

S&P-nin qiymətləndirməsinə görə, 2026-cı ildə milli standartlar üzrə kredit xərcləri 1,1–1,4% səviyyəsində formalaşacaq. Agentlik vurğulayıb ki, milli standartlara uyğun ehtiyat ayırma tələbləri BMHS ilə müqayisədə daha sərt olduğuna görə, bankların BMHS 9-a keçidindən sonra Azərbaycan bankları tərəfindən ehtiyatların həcminin əhəmiyyətli dərəcədə azaldılması gözlənilmir.

Rahim Tarıverdiyev S&P Azərbaycan

Xəbər Lenti