, 15 Ferval, 2026
Tarix: 15 Feb 2026 17:15
Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib.
DİM-dən APA-ya verilən xəbərə görə, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub.
İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 22780 bakalavr ərizə təqdim edib. İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahandan sonra DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım edilib və Mərkəzin məsul əməkdaşları, ekspertlər test tapşırıqları ilə bağlı geniş izahat verib, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunub.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları və test tapşırıqlarının izahı ilə müvafiq hiperkeçidlərdə tanış ola bilərsiniz.
Magistratura imtahan