Mərkəzdən idarə olunan dərslər: Azərbaycan distant təhsilə hazırdır? - ARAŞDIRMA

Tarix: 17 Feb 2026 14:00

Son illər dünyada təhsil sistemləri sürətlə dəyişir, klassik məktəb modeli texnologiya ilə paralel şəkildə yenidən formalaşır. Rəqəmsallaşma, süni intellekt və onlayn platformalar artıq təhsilin alternativi deyil, onun ayrılmaz tərkib hissəsinə çevrilir. Bu proseslər fonunda Azərbaycanda da distant təhsilin ümumtəhsil pilləsində tətbiqi məsələsi gündəmə gəlib. Xüsusilə 2026–2027-ci tədris illəri üçün nəzərdə tutulan pilot layihə cəmiyyət qarşısında mühüm bir sualı aktuallaşdırır: Ölkənin təhsil sistemi bu keçidə institusional, texniki və pedaqoji baxımdan nə dərəcədə hazırdır?

Pandemiya dövründə əldə edilən təcrübə göstərdi ki, distant təhsil fövqəladə vəziyyətlərdə zəruri alternativ ola bilir, lakin onun davamlı və keyfiyyətli modelə çevrilməsi üçün sistemli yanaşma tələb olunur. Müəllim çatışmazlığı olan ucqar məktəblər, texniki infrastrukturun qeyri-bərabərliyi, rəqəmsal bacarıqların səviyyəsi və hüquqi tənzimləmələr bu prosesin ən həssas nöqtələridir. Məhz bu baxımdan distant təhsilə keçid sadəcə texnoloji yenilik deyil, təhsilin idarə olunması, maliyyələşdirilməsi və keyfiyyətə nəzarət mexanizmlərinin yenidən düşünülməsini zəruri edən kompleks bir transformasiya kimi qiymətləndirilməlidir.

Distant təhsilin yeni modeli

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Mehriban Vəliyeva APA-ya bildirib ki, planlaşdırılan model klassik mənada evdən distant təhsil deyil: “Azərbaycanda 2026–2027-ci tədris illərində bəzi ümumtəhsil məktəblərində distant təhsilin tətbiqi ilə bağlı müzakirələr cəmiyyətdə haqlı suallar və narahatlıqlar doğurur. Xüsusilə ucqar kənd və azsaylı şagird kontingenti olan məktəblərdə bu modelin effektivliyi, texniki imkanlar, şagird nailiyyətlərinə təsiri və hüquqi mexanizmlər əsas müzakirə predmetidir.

İlk növbədə qeyd edilməlidir ki, planlaşdırılan model klassik mənada evdən distant təhsil deyil. Pilot layihə çərçivəsində şagirdlər dərslərə evdən deyil, məhz məktəbdən qoşulacaqlar. Məktəbdə məhdud sayda pedaqoji və texniki heyət olacaq, şagirdlərin dərsdə iştirakı, avadanlıqların işləkliyi və nizam-intizam təmin ediləcək. Hər bir şagird kompüter və ya planşetlə, məktəb isə sürətli və kəsintisiz internetlə təmin olunacaq. Dərsi aparan müəllim isə “mərkəz məktəb”də fəaliyyət göstərən, sertifikasiya balı yüksək, peşəkar müəllim olacaq və eyni vaxtda bir neçə məktəbin şagirdlərinə dərs keçə biləcək”.

Ucqar məktəblərdə müəllim çatışmazlığı və alternativ tədris zərurəti

Deputat deyib ki, bu yanaşmanın əsas zərurəti ölkənin bir sıra kənd və ucqar ərazilərində kəskin müəllim çatışmazlığı ilə bağlıdır: “Məlumdur ki, bir ümumtəhsil məktəbində dövlət standartlarına uyğun tədris üçün təxminən 15 ixtisas üzrə müəllim tələb olunur. Reallıqda isə bir çox kənd məktəbində bu tələbi ödəmək mümkün olmur. Nəticədə bəzi fənlər üzrə dərslər ya formal keçirilir, ya da ümumiyyətlə tədris olunmur. Bu baxımdan, heç dərsin olmamasındansa, distant formatda, lakin keyfiyyətli və peşəkar müəllim tərəfindən dərsin təşkili daha məqsədəuyğun hesab edilir”.

Distant dərslərin nəticələrə təsiri: risklər və real imkanlar

Deputat distant dərslər zamanı valideyn narazılığından danışıb: “Valideynlərin distant dərslərin şagird nəticələrinə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlığı anlaşılandır. Lakin nəticələrin aşağı düşməsi distant formatın özündən deyil, onun necə təşkil olunmasından asılıdır. Əgər distant dərslər nəzarətsiz, zəif metodika ilə və texniki problemlər fonunda keçirilərsə, bu, təbii ki, mənfi təsir göstərəcək. Əksinə, dərslər peşəkar müəllimlər tərəfindən interaktiv şəkildə aparılarsa, məktəbdaxili nəzarət güclü olarsa və qiymətləndirmə üzbəüz, şəffaf formada təşkil edilərsə, nəticələr ənənəvi dərslərdən geri qalmaya, hətta bəzi hallarda daha yaxşı ola bilər”.

Pilot tətbiq və hüquqi çərçivənin yenilənməsi ehtiyacı

Mehriban Vəliyeva vurğulayıb ki, burada əsas məsələ distant təhsilin hansı fənlər üzrə və hansı şərtlərlə tətbiq edilməsidir: “Hüquqi baxımdan məsələ ondan ibarətdir ki, “Təhsil haqqında” Qanunda distant təhsil forması nəzərdə tutulsa da, “Ümumi təhsil haqqında” Qanun və Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli Qərarı ilə “Formal təhsilin təşkili Qaydaları”na əsasən, ümumi təhsil pilləsində yalnız əyani və sərbəst (eksternat) təhsilalma formaları tətbiq oluna bilər. Bu səbəbdən hazırda nəzərdə tutulan tətbiq pilot layihə statusu daşıyır və “məsafədən əyani təhsil” modeli kimi həyata keçirilir. Pilot layihə uğurlu olarsa, gələcəkdə normativ-hüquqi bazanın yenilənməsi, ümumi təhsildə hibrid modelin qanunvericilikdə təsbit edilməsi zərurəti yaranacaq.

Nəticə etibarilə, distant təhsilə keçid ideyası özü-özlüyündə məqsəd deyil, konkret problemin – ucqar məktəblərdə müəllim çatışmazlığının həlli üçün bir vasitədir. Bu proses yalnız güclü infrastruktur, dövlət təminatı, ciddi nəzarət mexanizmləri və şəffaf hüquqi çərçivə ilə müşayiət olunduğu halda effektiv ola bilər. Əsas məsələ distant təhsilin olub-olmaması yox, onun harada, hansı fənlər üzrə və hansı şərtlərlə tətbiq edilməsidir. Bu balans qorunarsa, pilot model ümumi təhsildə keyfiyyətin qorunmasına və bərabər imkanların yaradılmasına real töhfə verə bilər.

Süni intellektin təhsilə inteqrasiya edildiyi müasir dünyada məktəbin virtual formata keçidi təbiidir. Əlbəttə ki, məktəb ənənələrinin qorunması arzuolunandır. Gələcək bizdən soruşmur, “proseslərə hazır ol”,- deyir. Əsas məsələ də yeniliklərə hazır olmaq və sürətli keçidlərə adaptasiya etməkdir”.

Azsaylı şagird kontingenti və təhsil keyfiyyəti problemi

Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, distant təhsilə keçidlə bağlı qərar təsadüfi deyil, bu, rasionallaşdırma və optimallaşdırma prosesinin məntiqi nəticəsidir: “Ölkədə elə ümumtəhsil müəssisələri var ki, həmin məktəblərdə şagird sayı 20 nəfərdən də azdır. Bəzi hallarda siniflər üzrə cəmi bir-iki şagird təhsil alır. Təbii ki, bu halda bir şagirdə düşən xərc kifayət qədər yüksək olur. Eyni zamanda, belə məktəblərdə keyfiyyətli təhsil mühiti formalaşdırmaq mümkün olmur. Dərs saatlarının azlığı səbəbindən ixtisaslı müəllimlər həmin məktəblərdə çalışmağa maraq göstərmirlər. Nəticədə bəzən fizika fənnini tarix müəllimi, tarix fənnini isə biologiya müəllimi tədris edir. Belə bir şəraitdə yüksək təhsil keyfiyyətindən danışmaq çətindir.

Bu kimi hallarda optimal çıxış yolu həmin məktəblərin vahid platformada birləşdirilərək distant təhsil modelinə cəlb edilməsidir. Qeyd etmək lazımdır ki, şagirdlər yenə də məktəbə gedəcəklər, hər kəs öz sinfində əyləşəcək, sadəcə dərslər distant formada təşkil olunacaq.

Məsələn, 5 ayrı təhsil müəssisəsinin hər birində II sinif üzrə 3 şagird varsa, bu şagirdlər birləşdirilərək ümumilikdə 15 nəfərlik bir sinif formalaşdırılacaq və dərslər vahid Azərbaycan dili, ibtidai sinif və riyaziyyat müəllimi tərəfindən tədris olunacaq.

Distant təhsil modeli ölkəmiz üçün yeni deyil. 2020-ci ildə pandemiya dövründə bu təcrübə artıq tətbiq olunub və əvvəlki dövrlə müqayisədə hazırda bu sahədə həm texniki, həm də praktiki imkanlar xeyli yaxşılaşıb”.

Texniki imkanlar, infrastruktur və sosial təsir

Ekspertin sözlərinə görə, bu zaman ciddi narahatlıq doğuran əsas məsələ yalnız elektrik enerjisi və internet təminatı ilə bağlı ola bilər: “Bu istiqamətdə aidiyyəti qurumlarla müzakirələr aparılır və növbəti tədris ilinə qədər mövcud problemlərin aradan qaldırılması nəzərdə tutulur.

Dərslərin təşkili həm fənlər üzrə, həm də mərhələ səviyyəsində həyata keçiriləcək. Zəruri infrastruktur və texniki imkanlar mövcuddur və hazırda təkmilləşdirilmə prosesi davam edir. Auditoriyalarda müvafiq texniki avadanlıqlar quraşdırılacaq və şagirdlərin distant dərslərdə iştirakı üçün bütün imkanlar təmin ediləcək.

Distant təhsilə keçid təşəbbüsü optimallaşdırma və rasionallaşdırma məntiqindən irəli gəlir, əsas məqsəd şagirdlərin normal təhsil mühitində keyfiyyətli təhsil almasını təmin etməkdir. Eyni zamanda, bu model onların sosiallaşmasına da müsbət təsir göstərəcək.

Belə ki, əvvəllər bir və ya üç şagirdin təhsil aldığı siniflərdə ünsiyyət imkanları məhdud idisə, indi 15–20 nəfərlik kollektivdə təhsil alan şagirdlər daha geniş sosial çevrədə ünsiyyət quracaq, müzakirələr aparacaq və bu da onların sosial inkişafına müsbət töhfə verəcək”.

Ucqar məktəblərdə distant təhsil zərurəti və texniki risklər

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri, ekspert Elvin Abbasovun fikrincə, bu sahədə milli platformaya ehtiyac var: “Azərbaycanda 2026–2027-ci tədris illəri üçün nəzərdə tutulan bu pilot layihə, əsasən müəllim çatışmazlığı olan ucqar kənd məktəblərində təhsilin əlçatanlığını təmin etmək məqsədi daşıyır. Texniki infrastruktur baxımından ölkədə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində genişzolaqlı internet şəbəkəsi sürətlə genişlənsə də, regionlarda hələ də stabil bağlantı və şagirdlərin fərdi kompüterlə təminatı məsələsi tam həllini tapmayıb. Elektron jurnallarda (EHİS) yaranan texniki fasilələr isə göstərir ki, mövcud server infrastrukturunun eyni anda on minlərlə istifadəçini qəbul etmə gücü hələ də optimallaşdırılma mərhələsindədir. Bu keçid zamanı şagirdlərin texniki avadanlıqla təminatı dövlət tərəfindən "sosial paketlər" və ya məktəblərdə yaradılacaq xüsusi distant mərkəzlər vasitəsilə nəzərə alınmasa, təhsildə rəqəmsal bərabərsizlik riski yarana bilər.

Vahid və qüsursuz sistemin yaradılması üçün isə pərakəndə proqram həllərindən çıxaraq, bütün prosesləri (elektron jurnal, onlayn dərslər, imtahan bazası) vahid "Bulud" (Cloud) infrastrukturunda birləşdirən milli təhsil platformasına ehtiyac var. Hazırkı vəziyyətdə bütün fənlərin deyil, yalnız seçilmiş nəzəri fənlərin distant təşkili bir sınaq mərhələsi kimi effektiv ola bilər, lakin bu, mütləq şəkildə müəllimlərin rəqəmsal bacarıqlarının artırılması ilə paralel aparılmalıdır. Ölkəmizdə sistem tam hazır olmasa da, bu cür pilot layihələr gələcəkdə yarana biləcək fövqəladə hallara qarşı təhsil sisteminin dayanıqlığını yoxlamaq üçün vacib bir addımdır”.

2–3 il ardıcıl olaraq şagirdlər hər hansı fənni öyrənə bilmirlər

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu ötən ay mətbuata açıqlamasında bu mövzuya toxunub və bildirib ki, sözügedən proses hazırda test mərhələsindədir: “Şagird sayı az olan məktəblərdə keyfiyyətin aşağı olması bir neçə rakursdan öyrənilib. Bu həm sosial-iqtisadi göstəricidir, digər tərəfdən isə müəllim keyfiyyəti ilə bağlıdır. Bir çox hallarda şagird sayı az olan məktəblərdə xeyli fənn üzrə müəllim çatışmır. 2–3 il ardıcıl olaraq şagirdlər hər hansı fənni öyrənə bilmirlər. Bu, doğrudan da ciddi bir siqnaldır. Bəzən bütöv bir sinif kimya dərsini öyrənə bilmir, çünki həmin məktəbdə kimya müəllimi yoxdur. Bunun da müəyyən səbəbləri var. Şagird sayı az olan məktəblərdə dərs saatı az olur və müəllimin əməkhaqqısı dərs saatları əsasında formalaşır.

Hansı müəllimlər distant təhsildə iştirak edəcək?

Vəfa Yaqublunun sözlərinə görə, bu gün texnologiyanın verdiyi imkanlar onları belə bir fikrə gətirib ki, ilkin mərhələdə hibrid formada, yəni hansı fənn üzrə müəllim yoxdursa, həmin fənni şagirdlər rayon mərkəzində yerləşən bir məktəbə internet vasitəsilə bağlanaraq öyrənsinlər: “Rayonun ən yaxşı - sertifikasiya balı yüksək olan, metodiki bilikləri və öyrətmə səriştəsi güclü olan müəllim həmin uşaqlara distant təhsil versin.

Bu təcrübə bir çox ölkədə mövcuddur. Elə postsovet məkanındakı bir neçə ölkədə də orta təhsil səviyyəsində bu tətbiq olunur. Bu, bir imkandır. Düzdür, hamımız üçün komfort zonadan çıxış deməkdir, tamamilə başqa bir reallıqdır. Bunun öz problemləri olacaq, amma düşünürük və buna əminik ki, bu yanaşma daha az problem yaradacaq”.

Mərkəz məktəbi yaradılacaq

Vəfa Yaqublu vurğulayıb ki, mərkəz məktəbində xüsusi texniki şərait yaradılmalıdır: “Səs keyfiyyəti və görüntü yerində olsun. Şagirdlər kompüterlə təmin olunsun. Oxuduqları məktəbdən birbaşa dərsə qoşula bilsinlər. Biz bu prosesi bir neçə məktəbdə test də etmişik. Bu məktəblərin sayı kifayət qədərdir. 100-dən çox məktəbdə şagirdlərin sayı azdır.

Bu proses artıq test mərhələsindədir, mərhələli şəkildə həyata keçiriləcək. Bir neçə ay ərzində bu məsələ Lənkəran–Astara regionundakı bir neçə məktəbdə test olunub. Nəticələr isə qənaətbəxşdir.

Distant təhsilə keçən fənlər daha çox yuxarı siniflərdə tədris olunan fənlərdir. Biologiya, tarix, kimya və s. hansı fəndən müəllim çatmırsa, mərkəz məktəb dediyimiz məkandan distant formada şagirdlər həmin dərslərə qoşulurlar. O siniflərdə də hər kənddən bir-iki uşaq onlayn dərsə qoşulur.

Bu zaman həmin məktəblərdə işləyən müəllimlər digər məktəblərə yönləndirilir. Bu prosesdə müəllim işsiz qalmır. Digər məktəblərdə boş qalan müəllim vakansiyaları ilə təmin olunurlar”.

Elektrik enerjisinin kəsilməsi risklərinə qarşı görülən tədbirlər

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) sorğumuza cavab olaraq bildirilib ki, bu gün Azərbaycanda, o cümlədən ən ucqar yaşayış məntəqələrində vətəndaşlar yüksəksürətli internetə çıxış imkanına malikdirlər: “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 3 milyondan artıq təsərrüfat optik internet şəbəkəsinə qoşulma imkanı əldə edib, özəl sektorla birgə həyata keçirilən işlər nəticəsində isə bu göstərici təxminən 5 milyon təsərrüfata çatır.

Eyni zamanda, onlayn xidmətlərin, xüsusilə də təhsil prosesinin fasiləsizliyini təmin etmək məqsədilə şəbəkə dayanıqlığının gücləndirilməsi istiqamətində kompleks tədbirlər görülür. Bu çərçivədə mobil baza stansiyalarının və qovuşaq tipli ATS-lərin stabil elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq” ASC ilə koordinasiyalı və intensiv işlər aparılır.

Bununla yanaşı, qeyd olunan obyektlərdə elektrik enerjisinin müvəqqəti kəsilməsi hallarında xidmətin davamlılığını qorumaq məqsədilə dizel elektrik generatorları və enerji saxlanc sistemləri (akkumulyatorlar) ilə təchizat istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir”.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) APA-ya bildirilib ki, proses barədə gələcək aylarda ictimaiyyətə geniş məlumat veriləcək.

Gülcahan İmanqızı Distant təhsil MÜTDA məktəb onlayn texnologiya təhsil tədris müəllim şagird

Xəbər Lenti