Çərşənbə axşamı, 17 Ferval, 2026
Tarix: 17 Feb 2026 16:20
"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19.07.2022-ci il tarixli Fərmanında ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətinə məhsul subsidiyasının tətbiq edilməsi müəyyən olunub. Lakin Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə respublikaya 1 milyon 292 min ton miqdarında buğda idxal edilib, buğda üzrə özünütəminetmə səviyyəsi 56,1% olmaqla 2023-cü ilə nisbətən 4,3% bəndi az olub.
“APA-Economics” bu barədə Hesablama Palatasının 2025-ci il üzrə "Dövlət auditi" jurnalına istinadən xəbər verir.
Qeyd edilib ki, Dövlət büdcəsindən 2014-2024-cü illər ərzində Kənd Təsərrüfatı Nazirliyinə ümumilikdə 21493,4 min manat məbləğində vəsaitlərin ayrılmasına və 2025-ci ilin dövlət büdcəsində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) təkmilləşdirilməsi üçün 1500,0 min manat məbləğində vəsait nəzərdə tutulmasına baxmayaraq EKTİS tam formalaşdırılmamış, təqdim olunmuş EKTİS bazasında nəticəliliyin qiymətləndirilməsi üçün vacib olan faktiki məhsuldarlıq göstəriciləri mövcud olmamış, müvafiq dövlət qurumlarının informasiya bazası ilə inteqrasiyası və ya zəruri məlumatların əldə olunması tam təmin edilməmiş və EKTİS-in təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilməyib.
2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq bölmənin xərcləri 1222,1 mln. manat proqnozlaşdırılmış, cari ilin proqnozuna nisbətən 18,3 mln. manat artacağı nəzərdə tutulmuşdur. Bölmə üzrə 1 köməkçi bölmədə artım əməyin ödənişi ilə bağlı bölüşdürülməmiş (bloklanmış) xərc istiqaməti ilə bağlı olmuş, digər bütün köməkçi bölmələrdə azalma izlənmişdir. Kənd Təsərrüfatı Nazirliyinin “Kənd təsərrüfatı” bölməsi üzrə 2026-2029-cu illəri əhatə edən ortamüddətli büdcə planı 2026-cı il üzrə 588,4 mln. manatı əhatə edib.
Həmçinin, 2026-cı il üçün sertifikatlaşdırılmış dənli bitkilər, texniki bitkilər və kartof toxumlarının istehsalı müvafiq olaraq 100 min ton, 2 555 ton və cəmi 98 ton səviyyəsində proqnozlaşdırılıb. Bu həcmlər mövcud tələbatla müqayisədə xeyli azdır.
Dövlət Toxum Fondu vasitəsilə satılan toxumların həcminin 180 tondan 100 tona enəcəyi gözlənilir. Bu isə növbəti ildə də həmin bitkilər üzrə əkinlərin əsasən idxal toxumları və ya keyfiyyət göstəriciləri müəyyən olunmayan sıravi toxumlar hesabına aparılacağını göstərir.
APA-Economics Hesablama Palatası Buğda buğda üzrə özünütəminetmə