HP: Dövlət satınalmalarında bir mənbədən satınalma halları çoxdur

Tarix: 17 Feb 2026 16:49

Ötən ilin birinci yarısında Azərbaycanda bir mənbədən satınalma metodu tətbiq edilməklə həyata keçirilən satınalmalar ümumi satınalmaların məbləğ baxımından 57,8%-ni təşkil edib.

"APA-Economics" bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, bir mənbədən satınalma metodu istifadə edilməklə həyata keçirilən satınalmaların tərkibində say baxımından satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olması, məbləğ baxımından isə təcili tələbat əsası üstünlük təşkil edir.

Qeyd olunub ki, təcili tələbatın yaranmasına, dəftərxana və təsərrüfat ləvazimatlarının satınalınması, icarə xidmətinin, benzin yanacağının və s. məsələlər aid edilib. Həmçinin bəzi hallarda əvvəlcədən günləri konkret olan tədbirlərin keçirilməsi, təşkili, həmin tədbirlər üzrə bir sıra xidmətlərin göstərilməsi məsələləri üzrə də təcili tələbat səbəbinə əsaslanılmaqla bir mənbədən satınalmalar üçün razılıq alınıb ki, bu da aidiyyəti məsələlər üzrə müqavilələri nəzarət orqanlarının risk qiymətləndirilməsi üçün predmetə çevirir. Eyni zamanda, aparılan təhlillər göstərir ki, bəzi hallarda müvafiq istiqamətlərdə (məsələn, abunə yazılış, təlim xidmətləri və s.) ölkə bazarında rəqabətin olması şəraitində tək təchizatçı olmasına əsaslanılmaqla bu metoda icazə verilmişdir. Hər birinin məbləği 5,0 min manat və daha aşağı olan satınalmalar üzrə bir mənbədən metodu tətbiq olunmaqla keçirilmiş 1305 satınalma üzrə ümumi məbləğ 2,6 mln. manat olub. Bu da bir mənbədən satınalma metodu istifadə edilməklə həyata keçirilən satınalmalar üzrə ümumi müqavilələrin say baxımından 34,3%, məbləğ baxımından 0,1%-nə bərabərdir. Nəticə etibarilə, ümumi satınalmaların say baxımından təxminən 27%-i cüzi məbləğli satınalmalardan ibarət olub.

Əşrəf Mehdiyev satınalma audit

Xəbər Lenti