KİV: Ərdoğan ABŞ-a səfər edə bilər

Tarix: 13 Feb 2024 11:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edə bilər.

APA xəbər verir ki, bu barədə “Hürriyet” nəşri yazıb.

Nəşrin sözlərinə görə, rəsmi Ankara və Vaşinqton yenidən etimad yaranması fonunda ABŞ-ın 2 nümayəndə heyətinin yazda Türkiyəyə səfəri gözlənilir. Səfər çərçivəsində enerji və ticarət sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, Türkiyəyə F-16 qırıcılarının satışına dair sazişin ABŞ Konqresi tərəfindən təsdiqlənməsi Ankara və Vaşinqton arasında ikitərəfli siyasi təmasları, o cümlədən enerji və ticarət sahəsində əməkdaşlığı intensivləşdirir.

Nəşr əlavə edib ki, hazırkı gündəliyə yüksək səviyyəli səfərlər, o cümlədən Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri daxildir.

Xatırladaq ki, 11 fevralda ABŞ-ın Ankaradakı səfiri Cefri Leyn Fleyk Türkiyənin 40 ədəd yeni F-16 qırıcı təyyarəsi və 79 modernzasiya dəsti almasını ABŞ Konqresinin təsdiqlədiyini açıqlayıb.

Türkiyə Prezidenti Ərdoğan həmin məlumatı dünən təsdiqləyib və qeyd edib ki, yeni təyyarələrin alınması ölkəsinin müdafiə imkanlarını xeyli artıracaq.

Xəbər Lenti