MSİM Milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində “AI Academy”nin ilk məzunlarını təltif edib

MSİM Milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində “AI Academy”nin ilk məzunlarını təltif edib

Tarix: 21 Oct 2026 15:01

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 530 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın 8.3-cü – “Süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi” istiqaməti çərçivəsində ölkədə süni intellekt üzrə ixtisaslı kadr potensialının inkişafına yönəlmiş təşəbbüslərdən biri olan “AI Academy”nin ilk Məzun Günü keçirilib.

AZCON Holdingin şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) nəzdində fəaliyyət göstərən “AI Academy”nin ilk məzunlarının təltif olunduğu tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və AZCON Holding-in Baş İnsan Resursları İnzibatçısı – departament direktoru Elnur Hüseynov iştirak ediblər.

Çıxışlar zamanı Milli Süni İntellekt Strategiyasının əsas prioritetlərindən biri olan insan kapitalının inkişafı, gənclərin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması və yerli mütəxəssislərin hazırlanmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın süni intellekt sahəsində uzunmüddətli rəqabət qabiliyyətinin gücləndirilməsi yalnız texnoloji infrastrukturun inkişafından deyil, həm də bu texnologiyaları yaradan, tətbiq edən və inkişaf etdirən yerli mütəxəssislərin yetişdirilməsindən asılıdır.

2025-ci ildə fəaliyyətə başlayan “AI Academy”nin ilk tədris proqramına 8,000-dən çox müraciət daxil olub. Nəzəri bilikləri real layihələr üzərində praktiki təcrübə ilə birləşdirən bir illik intensiv proqramı 57 iştirakçı uğurla tamamlayıb. Məzunlardan 35-i artıq işlə təmin olunub, 7-si isə Milli Süni İntellekt Mərkəzində fəaliyyətə başlayıb. Məzunların bank-maliyyə, sənaye, dövlət və akademik sektorlarda peşəkar fəaliyyətə başlaması “AI Academy”nin tədris modelinin əmək bazarının ehtiyaclarına uyğunluğunu və praktiki nəticələrini nümayiş etdirir.

Dövlət və özəl sektorun nümayəndələrini, texnologiya və insan resursları üzrə rəhbərləri bir araya gətirən tədbir məzunlarla potensial işəgötürənlər arasında peşəkar əlaqələrin qurulması üçün də platforma rolunu oynayıb. Mərasim çərçivəsində ən yüksək akademik nəticə göstərən üç məzun xüsusi mükafatlarla, digər məzunlar isə diplomlarla təltif olunublar.

Milli Süni İntellekt Strategiyasının “Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi” prioritetinə uyğun fəaliyyət göstərən “AI Academy” növbəti mərhələdə süni intellekt mühəndislərinin hazırlanması ilə yanaşı, dövlət və özəl sektorun rəhbər və mütəxəssisləri üçün ixtisaslaşmış təlim proqramlarının genişləndirilməsini planlaşdırır.

2028-ci ilədək 600-dən çox süni intellekt mühəndisinin hazırlanmasını hədəfləyən “AI Academy”nin ölkənin ixtisaslı insan kapitalının gücləndirilməsinə, süni intellekt texnologiyalarının müxtəlif sektorlarda tətbiqinə və milli süni intellekt ekosisteminin davamlı inkişafına töhfə verməyi hədəfləyir.

APA-Economics AZCON Holdingin
MSİM Milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində “AI Academy”nin ilk məzunlarını təltif edib
MSİM Milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində “AI Academy”nin ilk məzunlarını təltif edib
MSİM Milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində “AI Academy”nin ilk məzunlarını təltif edib
MSİM Milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində “AI Academy”nin ilk məzunlarını təltif edib

Mənbə: apa.az

Xəbər Lenti