Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 15:37
Bu ilin sentyabr ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 6% azalaraq 17,8 mlrd. kubmetr olub.
Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.
Hesabata görə, azalma elektrik enerjisi istehsalı sektorunda qaza tələbatın artmasına baxmayaraq qeydə alınıb ki, bu da digər sektorlarda istehlakın azaldığını göstərir. Yay fəslindən payız fəslinə keçidlə əlaqədar soyutma ilə bağlı elektrik enerjisinə tələbat azalıb, yaşayış sektorunda isitmə tələbatı isə hələ də məhdud səviyyədə qalıb. Sənayedə qaz istehlakı da aşağı səviyyədə qalmış ola bilər ki, bu da Avropa İttifaqında qaz tələbatının ümumilikdə azalmasına səbəb olan amillərdən biri olub.
Bildirilir ki, eyni dövrdə ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 3% artaraq 70 mlrd. kubmetr səviyyəsində olub.
“Artım əsasən elektrik enerjisi istehsalı sektorunda tələbatın artması hesabına baş verib. Bir sıra regionlarda geniş əraziləri əhatə edən isti hava dalğaları soyutmaya olan tələbatı və elektrik enerjisi istehlakını artırdığından, elektrik enerjisi istehsalı üçün qaz istehlakı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6% artıb. Əhali sektorunda qaz istehlakı da illik müqayisədə 6% artıb, sənaye sektorunda qaza tələbat 0,3%, kommersiya sektorunda isə qaz istehlakı 1% azalıb.”, - hesabatda qeyd olunur.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Emil İsmayılov GECF qazın istehlakı Aİ ABŞ TAPMənbə: apa.az