Şənbə, 28 Ferval, 2026
Tarix: 28 Feb 2026 16:34
İranın İsrailə raket zərbələrinin daha bir hücum dalğası başlayıb.
APA xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
***
14:50
İran ABŞ və İsrail məğlub olana qədər hücumları davam etdirəcək.
APA “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçi deyib.
“Cavablarımız ABŞ və İsrail məğlub olana qədər davam edəcək. Əvvəlcədən xəbərdarlıq etmişdik ki, yanlış hesablamalar aparmasınlar. Onlara verəcəyimiz dərs 12 günlük müharibədən də böyük olacaq”, -Şekarçi vurğulayıb.
***
13:49
ABŞ və İsrailə yardım edən istənilən hərbi baza hücuma məruz qalacaq.
APA xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, “İsrail və Amerikaya tarixlərində görmədikləri bir cavab veriləcək”.
İran ordusunun Baş Qərargahı xalqı sakitliyə çağırıb.
“ABŞ və İsrailə kömək edən istənilən hərbi baza İran Silahlı Qüvvələrinin hücumuna məruz qalacaq”, - bəyanatda qeyd olunub.
***
12:41
İrandan İsrailə raket hücumlarının üçüncü dalğası qeydə alınıb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
***
12:34
İranın Havadan Müdafiə Sistemləri işə düşüb.
APA “Tasnim”ə istinadən xəbər verir ki, Tehran ətrafında Havadan Müdafiə Sistemləri işə düşüb və atılan raketləri zərərsizləşdirir.
Eyni zamanda, İsrailin Hayfa şəhərində partlayış səsləri eşidilib. İsrail mediasının məlumatına görə, Yerusəlim və digər bölgələrdə həyəcan siqnalları işə düşüb.
***
12:08
İrana hücumlarda hədəfə alınan obyektlərə Kəşfiyyat Nazirliyi, Müdafiə Nazirliyi, İran Nüvə Enerjisi Agentliyi və Parçin bölgəsindəki təsisatlar daxildir.
APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“Reuters”in məlumatına görə, İran “təcavüzə dağıdıcı zərbələrlə cavab verəcəklərini” bəyan edib.
Anonim İran rəsmisi bildirib ki, İran cavab zərbələri hazırlayır və bu zərbələr dağıdıcı olacaq.
***
11:24
İrana qarşı hərbi əməliyyatlar aylarla davam edə bilər.
APA xəbər verir ki, bu barədə anonim İsrail rəsmisi “Channel 12”ə danışıb.
Onun sözlərinə görə, İsrail bu əməliyyatda tam gücünü səfərbər edib və ABŞ İsraillə eyni cəbhədə yer alır.
Mənbə əlavə edib ki, əməliyyatın ilkin mərhələsi 4 gün davam edəcək.
***
11:17
Müharibənin sonu İsrailin əlində deyil.
APA xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri İbrahim Əzizi “X” hesabında yazıb.
“Xəbərdarlıq etmişdik. Elə bir yola girmisiniz ki, sonu sizin əlinizdə deyil”, - Əzizi qeyd edib.
ABŞ-İran müharibəsi İran parlamenti hərbi əməliyyatlar