Baş Qərargah rəisi: İsrail İranın təhdidini aradan qaldırmaq üçün misilsiz bir kampaniyanın astanasındadır

Tarix: 28 Feb 2026 19:58

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyəl Zamir bildirib ki, İsrail İranın yaratdığı mövcudluq təhdidini aradan qaldırmaq üçün “mühüm, taleyüklü və misilsiz kampaniyanın” astanasındadır.

APA xəbər verir ki, Zamir videomüraciətində İDF-nin ABŞ ordusu ilə birlikdə İranda strateji hədəflərə zərbələr endirdiyini açıqlayıb.

Onun sözlərinə görə, məqsəd İranın nüvə proqramı, ballistik raket potensialı və regional tərəfdaşları vasitəsilə İsrailə qarşı planlarının qarşısını almaqdır.

Baş Qərargah rəisi qeyd edib ki, 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibə zamanı İranın nüvə layihəsinə və raket arsenalına ciddi zərbələr endirilib. O, ABŞ ilə “Midnight Hammer” əməliyyatı çərçivəsində əməkdaşlığı xüsusi vurğulayıb.

Zamir bildirib ki, İran aldığı zərbələrə baxmayaraq planlarından əl çəkməyib və nüvə proqramını, eləcə də raket istehsalını davam etdirir.

O əlavə edib ki, İsrail Hərbi Hava Qüvvələri ABŞ ilə koordinasiyalı şəkildə İran ərazisində hədəfləri vurur, hava hücumundan müdafiə sistemləri, donanma və quru qoşunları isə ölkənin təhlükəsizliyini təmin etmək üçün hazır vəziyyətə gətirilib.

Zamir vətəndaşları təhlükəsizlik göstərişlərinə əməl etməyə çağıraraq bildirib ki, İsrailin təhlükəsizliyini təhdid edən hər bir düşmən ağır bədəl ödəyəcək.

Faiq Mahmudov

Xəbər Lenti