Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 00:33
Martın 1-də Pakistanın Azərbaycandakı səfirliyinin komandası Astarada 31 Pakistan vətəndaşının təhlükəsiz keçidini təmin edib. Vətəndaşlar Bakıya istiqamətləndirilib və buradan Pakistana qayıdışları təşkil olunacaq.
APA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, dəyişən vəziyyət fonunda İran ərazisindən təhlükəsiz tranzit üçün Pakistan hökuməti Bakını evakuasiya bazası kimi müəyyənləşdirib.
Məlumata görə, qərar Pakistanın Baş naziri Şahbaz Şərifin göstərişi və Baş nazirin müavini, xarici işlər naziri İshaq Darın rəhbərliyi ilə qəbul edilib.
Pakistan tərəfi Azərbaycan Xarici İşlər Nazirliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.