Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 14 Feb 2024 15:18
"Biz NATO-nun çəkindirici qüvvəsinə olan inamı sarsıtmamalıyıq".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin fevralın 15-də keçiriləcək iclasından əvvəl mətbuat konfransında ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO müttəfiqləri ilə bağlı fikrinə münasibət bildirərkən deyib.
"Biz bütün müttəfiqləri qorumaq üçün hazırlığımız, öhdəliyimiz və qətiyyətimizlə bağlı Moskvada səhv hesablamalara və ya anlaşılmazlığa yer buraxmamlıyıq. Və bunun səbəbi münaqişəni təhrik etmək deyil, NATO-nun 65 il ərzində uğurla etdiyi kimi münaqişənin qarşısını almaqdır".
Stoltenberq deyib ki, NATO-nu güclü saxlamaq "ABŞ-ın milli maraqlarına" cavab verir, çünki bu ölkə "heç vaxt təkbaşına müharibə aparmayıb".
"NATO-nun bütün ideyası ondan ibarətdir ki, bir müttəfiqə hücum zamanı bütün alyansdan cavab gələcək. Biz bu mesajın arxasında durduqca, birlikdə hər hansı müttəfiqə hərbi hücumun qarşısını alırıq. Deməli, NATO-nun məqsədi müharibənin qarşısını almaq, sülhü qorumaqdır. Beləliklə, bir-birimizi müdafiə etməyəcəyimiz, bir-birimizi qorumayacağımız barədə hər hansı bir təklif hamımızın təhlükəsizliyini pozur, riskləri artırır. Bizim həm əməlimizdə, həm də sözümüzdə NATO-nun bütün müttəfiqləri qorumaq və müdafiə etmək öhdəliyinə sadiq olduğumuzu açıq şəkildə bildirməyimiz vacibdir", - Stoltenberq vurğulayıb.