Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 01:24
İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir İranda həyata keçirilən əməliyyat zamanı “əhəmiyyətli nailiyyətlər” əldə olunduğunu bildirib.
Eyal Zamir qarşıda hələ “bir neçə günlük döyüşlərin” olduğunu vurğulayıb.
APA xəbər verir ki, o, bu barədə martın 1-də Təl-Əvivdə İsrail Müdafiə Qüvvələrinin qərargahında keçirilən müşavirədən sonra yayımlanan videomüraciətdə danışıb.
Zamir qeyd edib ki, əməliyyatın başlanmasından 48 saatdan az vaxt keçib: “Biz güclü sürprizlə başladıq, əməliyyatın gedişinə və nəticələrinə təsir edən çox mühüm nailiyyətlər əldə etdik. Artıq deyə bilərik ki, ilkin mərhələdə qazandığımız nəticələr yekun vəziyyətə təsir göstərəcək.”
Baş Qərargah rəisi əlavə edib ki, əsas məqsədlərdən biri İsrailə yönəlmiş təhdidlərin azaldılmasıdır: "Hazırda səbr tələb olunur. Biz müttəfiqimizlə sıx əməkdaşlıq edirik, ABŞ ordusu ilə koordinasiya heç vaxt olmadığı qədər güclüdür”.
O, həmçinin İsrailin digər istiqamətlərdəki vəziyyəti də izlədiyini, ölkəyə qarşı hər hansı təhdidə “qətiyyətlə cavab veriləcəyini” vurğulayıb.