Türkiyəli millət vəkili: Azərbaycan və Türkiyə regiondakı prosesi müdrikliklə idarə edə bilər

Tarix: 05 Mar 2026 22:47

Azərbaycan və Türkiyə regionda baş verən hadisələr fonunda vəziyyəti müdrikliklə idarə edə biləcək gücə malikdir. Bunu APA-ya açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının deputatı Cantürk Alagöz deyib.

Azərbaycan və Türkiyə qeyd edib ki, belə vəziyyətlərdə soyuqqanlı davranmaq xüsusi əhəmiyyət daşıyır.

“Regionumuzda müəyyən oyunlar gedir və bir sıra problemlər mövcuddur. Türkiyə və Azərbaycan bu prosesi müdrikliklə idarə edə biləcək gücdədir. Bu gün elə bir dünya nizamı formalaşıb ki, sanki haqlının güclü olduğu deyil, güclünün haqlı sayıldığı bir anlayış hökm sürür. Təəssüf ki, beynəlxalq hüquq və ədalət prinsipləri zəifləyib”, – deyə Alagöz bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan dost ölkələrlə qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirir və dünya daha ədalətli qlobal sistemə ehtiyac duyur.

Millət vəkili əlavə edib ki, daha güclü Türkiyə və daha güclü Azərbaycan regionda sabitlik və təhlükəsizlik mühitinin formalaşmasına töhfə verir.

“Bu gün baş verən hadisə ilə bağlı Azərbaycana keçmiş olsun deyir, yaralananlara şəfa diləyirəm”, – deyə o vurğulayıb.

Dəryanur Cəfərova

Xəbər Lenti