Meloni ilə Zelenski danışıqlar prosesini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Tarix: 06 Mar 2026 08:51

Ukrayna Prezidenti Volodimir Zelenski və İtaliyanın Baş naziri Corcia Meloni Rusiya ilə müharibənin başa çatdırılması üçün davam edən danışıqları, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə hər iki tərəf açıqlama yayıb.

Liderlər Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq məqsədilə aparılan danışıqlardakı irəliləyiş və atılmalı növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Bu müzakirələr zamanı Yaxın Şərqdə baş verən son hadisələr də nəzərə alınıb.

Tərəflər həmçinin vurğulayıblar ki, mövcud şəraitdə Avropa və ABŞ-ın vahid mövqedən çıxış etməsi böyük əhəmiyyət daşıyır.

Zelenski İtaliyaya Ukraynaya göstərilən təcili enerji yardımı paketinə görə təşəkkür edib. Meloni isə İtaliyanın Ukraynanın bərpası prosesində aparıcı rol oynamağa davam edəcəyini bildirib.

Ukrayna prezidenti əlavə edib ki, görüşdə İran ətrafında yaranmış vəziyyət və bunun enerji bazarlarına təsiri də müzakirə olunub.

Liderlər həmçinin Macarıstanın bloklaması səbəbindən hələ təsdiqlənməyən Aİ-nin Ukraynaya 90 milyard avro kredit ayırması məsələsini də müzakirə ediblər.

Xəbər Lenti