KİV: ABŞ və İsrail uranı ələ keçirmək üçün İrana xüsusi təyinatlı qüvvələr göndərməyi müzakirə edib

Tarix: 08 Mar 2026 11:21

ABŞ və İsrail hakimiyyət orqanları İranın zənginləşdirilmiş uran ehtiyatlarını və digər nüvə yanacağını, həmçinin neft sənayesinin əsas obyektlərini ələ keçirmək üçün İrana xüsusi təyinatlı qüvvələrin göndərilməsi ehtimalını müzakirə edib.

APA xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən Axios portalı məlumat yayıb.

Məlumata görə, danışıqlardan xəbərdar olan dörd mənbənin bildirdiyinə əsasən, ABŞ və İsrail müharibənin daha sonrakı mərhələsində yüksək zənginləşdirilmiş uran ehtiyatlarının təhlükəsizliyini təmin etmək üçün İrana xüsusi təyinatlı qüvvələrin göndərilməsi imkanını müzakirə edib.

Portal qeyd edir ki, belə bir əməliyyatın həyata keçirilməsi yaxşı möhkəmləndirilmiş yeraltı obyektlərin hücumla ələ keçirilməsini tələb edə bilər.

Məqalə müəlliflərinin sözlərinə görə, bu vəzifənin ABŞ, yoxsa İsrail xüsusi təyinatlı qüvvələrinə həvalə ediləcəyi və ya əməliyyatın birgə həyata keçiriləcəyi hələ dəqiq deyil. Axios bildirir ki, nüvə yanacağının ələ keçirilməsi yalnız tərəflər İran Silahlı Qüvvələrinin artıq ciddi təhlükə yaratmadığına əmin olduqdan sonra mümkün ola bilər.

Bu həftə ABŞ Konqresində keçirilən brifinqdə ABŞ dövlət katibi Marco Rubioya İranın nüvə materiallarının ələ keçirilməsinin mümkün olub-olmadığı barədə sual verilib. O isə cavabında bildirib: “Kimsə gedib onu götürməlidir”.

ABŞ İsrail İran uran ehtiyatları nüvə proqramı xüsusi təyinatlı qüvvələr Axios Marko Rubio beynəlxalq təhlükəsizlik Yaxın Şərq gərginliyi

Xəbər Lenti