Çərşənbə, 11 Mart, 2026
Tarix: 08 Mar 2026 23:25
Hazırda Türk Hava Yolları (THY) və Pegasus aviaşirkətlərinə məxsus iki təyyarə Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanında gözləmə vəziyyətindədir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
O, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar uçuşların dayandırılması qərarının qüvvədə qaldığını bildirib.
Nazirin sözlərinə görə, hazırda İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyada (Hələb istisna olmaqla) hava məkanının bağlı olması ilə bağlı NOTAM bildirişləri qüvvədə qalır.
Uraloğlu qeyd edib ki, Oman, İordaniya və Səudiyyə Ərəbistanında qismən mülki uçuşlar davam edir, Birləşmiş Ərəb Əmirliklərində isə hava nəqliyyatı nəzarətli və məhdud şəkildə həyata keçirilir.
“Hava məkanındakı vəziyyətə uyğun olaraq aviaşirkətlərimiz bölgədəki bəzi istiqamətlərə uçuşları təhlükəsizlik risklərinə görə 9 mart gününün sonunadək dayandırmışdı.
Lakin aparılan son qiymətləndirmələr nəticəsində risklərin davam etməsi səbəbilə THY, AJet, Pegasus və SunExpress tərəfindən İraq, Suriya, Livan və İordaniya istiqamətlərində uçuşlar 13 mart 2026-cı il gününün sonunadək ləğv edilib. Pegasus uçuş cədvəlindən 12 martadək, THY isə 20 martadək İran reyslərini çıxarıb.
Bundan əlavə, Doha, Dubay, Küveyt, Bəhreyn, Əbu-Dabi və Dammam istiqamətlərinə planlaşdırılan uçuşlar da 13 mart gününün sonunadək ləğv edilib”, –nazir bildirib.