Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 17:32
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Laçın rayonunda sakinləri qəbul edib.
Bu barədə APA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbuldan əvvəl Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Bildirilib ki, qəbul zamanı vətəndaşlar məşğulluq, sosial təminat, əlillik və digər məsələlərlə bağlı müraciət ediblər: "Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar".
Məlumata görə, nazir Anar Əliyev və Məsim Məmmədov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Alyarova Elnurə Asif qızı və Rüstəmova Günay Pənah qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış da keçiriblər.
"Proqram üzrə Elnurə Alyarova üçün poliqrafiya xidmətləri, Günay Rüstəmova üçün isə un məmulatları istehsalı üzrə kiçik ailə biznesləri qurulub. Hər iki proqram iştirakçısı doğma yurdlarına qayıtmalarına, habelə burada öz kiçik ailə bizneslərini qurmalarına görə sevinc və qürur hisslərini bölüşüb, göstərilən böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər",- məlumatda bildirilib.
Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzura köçürülən sakinlərdən artıq 759 nəfərə, o cümlədən Laçına köçürülən sakinlərdən 85 nəfərə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.
ƏƏSMN nazir Anar Əliyev vətəndaş qəbul təsərrüfat Laçın Qarabağ




