Vüqar Gülməmmədov: Yeni Strateji Plan Palatanın fəaliyyəti üçün əsas yol xəritəsi olacaq

Tarix: 15 Jan 2026 16:55

"Yeni Strateji Plan Hesablama Palatasının fəaliyyəti üçün əsas yol xəritəsi olacaq".

"APA-Economics" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2026–2030-cu illəri əhatə edən yeni Strateji Planını şərh edərkən bildirib.

Sədr qeyd edib ki, ali audit orqanı olaraq Hesablama Palatasının əsas məqsədi hesabatlılıq və şəffaflığı təşviq etməklə dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü, nəticəli, qənaətli və səmərəli istifadəsinə nəzarət etmək, bununla da vətəndaşların rifahının yüksəlməsinə və dövlət maliyyə idarəetməsinin inkişafına dəstək göstərməkdir. Bu məqsədlə müxtəlif dövrlər üzrə strateji planlar qəbul edilib.

Vüqar Gülməmmədov bildirib ki, hazırda qüvvədə olan 2021–2025-ci illəri əhatə edən Strateji Planın icra müddəti 2025-ci ilin sonunda başa çatır və həmin dövr ərzində Palatanın institusional inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Onun sözlərinə görə, son beş ildə dövlət auditinin beynəlxalq standartlara uyğunluğu artırılıb, auditlər üzrə təklif və tövsiyələrin icra faizi yüksəlib, ölkədə ilk dəfə olaraq illik hesabatda nəticəəsaslı büdcə modelindən istifadə edilib, beynəlxalq ali audit orqanları cəmiyyətində Palatanın nüfuzu gücləndirilib və rəqəmsal həllərin tətbiqi genişləndirilib. Eyni zamanda Dövlət Auditi İnformasiya Sisteminin qurulmasına başlanılıb.

Palata sədri vurğulayıb ki, 2021–2025-ci illər üzrə fəaliyyətlərin, SAI PMF və həmkar qiymətləndirmələrinin, eləcə də cari vəziyyətin təhlili əsasında növbəti beş il üçün peşəkar və təşkilati inkişaf strategiyası hazırlanıb. Məqsəd mövcud problemlərin həlli, əldə olunan nailiyyətlərin qorunması və gücləndirilməsi, daha iddialı hədəflərə nail olmaqdır.

O əlavə edib ki, yeni Strateji Planda əsas prioritetlər Dövlət Auditi İnformasiya Sisteminin tam qurulması, digər dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiyanın yaradılması, süni intellekt və data analitika alətlərinin auditdə tətbiqi, beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli dövlət auditi təcrübəsinin davam etdirilməsi və audit tövsiyələri əsasında dövlət maliyyə idarəetməsinin gücləndirilməsi olacaq.

Rahim Tarıverdiyev Hesablama Palatası Strateji plan Vüqar Gülməmmədov

Xəbər Lenti