Biznesin İnkişafı Fondunun pay aldığı şirkətlər açıqlanıb

Tarix: 13 Mar 2026 12:34

Ötən il Biznesin İnkişafı Fondunun investisiya portfelində mövcud olan 27 layihənin nizamnamə kapitalına yatırdığı investisiyalar nəticəsində Azərbaycan iqtisadiyyatına ümumilikdə 2 mlrd. manat həcmində investisiya qoyulub.

“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

İndiyədək Fond ilə 14 beynəlxalq tərəfdaş arasında mövcud olan əməkdaşlıq çərçivəsində 388 mln. manat məbləğində birbaşa xarici investisiya və 262 mln. manat məbləğində xarici kredit cəlb olunmuşdur. 2025-ci ildə Fond tərəfindən paylı investisiya qoyuluşları üzrə ümumilikdə 3 yeni layihə təsdiq edilmişdir:

2025-ci il 16 may tarixində Fondun Müşahidə Şurasının qərarı ilə “AzerBazalt” MMC-nin nizamnamə kapitalına 3,7 mln. ABŞ dolları (29,9%) məbləğində paylı investisiya qoyulması, habelə 7,9 mln. ABŞ dolları həcmində təsisçi borcunun ayrılması təsdiq edilmişdir. Layihənin birinci mərhələsində Gəncə şəhərində bazalt tozu və onun əsasında orqanik gübrə istehsalı, ikinci mərhələsində isə bazalt lifi, 3D printerlər üçün filament və digər yüksək texnoloji sənaye materiallarının istehsalı nəzərdə tutulur.

2025-ci il 30 may tarixində Fondun Müşahidə Şurası tərəfindən “Azerfloat” QSC-nin nizamnamə kapitalına 33 mln. manat (21%) məbləğində paylı investisiya qoyulmasına dair qərar qəbul edilmişdir. Layihə çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında yerləşən və 12 hektar ərazini əhatə edən Termoformalaşdırılmış Şüşə Zavodunun istehsal gücünün artırılması və yüksək əlavə dəyər yaradan şüşə məhsullarının istehsalı nəzərdə tutulur.

2025-ci il 24 sentyabr tarixində Fondun Müşahidə Şurasının qərarı ilə “Azerbaijan Energy Automotive Factory” Şirkətinin nizamnamə kapitalına 1,7 mln. ABŞ dolları (30%) məbləğində investisiya qoyulması təsdiq edilmişdir. Layihə Sumqayıt Kimya Sənaye Parkında tam elektriklə işləyən avtobusların yerli istehsalının təşkilini nəzərdə tutur.

Bundan başqa, hesabat ilində Fond tərəfindən paylı investisiyalar portfelində mövcud olan şirkətlərin fəaliyyətinin dəstəklənməsi məqsədilə ümumilikdə 48,2 mln. manat məbləğində investisiya qoyuluşu həyata keçirilmiş, əlavə olaraq 5,7 mln. manat həcmində təsisçi borcu təqdim edilmişdir. Bu investisiya qoyuluşu sənaye, kənd təsərrüfatı, enerji və “yaşıl” texnologiyalar istiqamətlərini əhatə edib.

2025-ci ildə bir sıra (o cümlədən Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” Şirkəti ilə birgə həyata keçirilən Əczaçılıq Zavodu, pivəlik arpa emalı sahəsində fəaliyyət göstərən “Promalt” MMC, Qəbələ rayonunda alkoqollu və alkoqolsuz içkilərin istehsalı üzrə “Gabala Beverage Company” Zavodu, qoruyucu ayaqqabı istehsalı ilə məşğul olan “BAFCO” MMC, bazalt süxurunun hasilatı və emalı ilə məşğul olan “AzerBazalt” və şüşə istehsalı sahəsində fəaliyyət göstərən “Azerfloat” QSC) layihələrinə təsdiq edilmiş investisiya məbləğinin müəyyən hissəsi ödənilib.

Bununla yanaşı, “yaşıl” layihələr çərçivəsində Laçın və Kəlbəcər rayonlarında Türkiyənin “Demirören Holding”i ilə birgə həyata keçirilən “Green Karabakh” 4 ədəd kiçik su elektrik stansiyası layihəsinə, Cəbrayıl rayonunda bp və SOCAR Downstream ilə birgə həyata keçirilən “Şəfəq” günəş elektrik stansiyası layihəsinə və İtaliyanın “Technip Energies S.p.A.” Şirkəti ilə birgə həyata keçirilən piroliz yağının istehsalı layihəsinə təsdiq edilmiş investisiya məbləğinin müəyyən hissəsi köçürülüb.

Hesabat ilində Fond tərəfindən ümumi dəyəri 888,2 mln. manat olan 6210 investisiya layihəsinə 412,5 mln. manat güzəştli kredit verilmişdir ki, bunun hesabına 5662 yeni iş yerinin açılması imkanı yaranıb.

Əşrəf Mehdiyev şirkət pay

Xəbər Lenti