Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 13:20
“Orta Dəhliz ətrafında ciddi münaqişələr və mübarizələr baş verir”.
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumu çərçivəsində Orta Dəhlizlə bağlı keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, bu dəhlizlə daşımaların həcmini 20 milyon tona qədər artırmaq mümkündür:
“Asiyadan Avropaya daşımaların marşrutlarına nəzər saldıqda görürük ki, nəqliyyatın təxminən 90 faizi hələ də dəniz yolu ilə həyata keçirilir. Alternativ marşrutlar isə, əsasən, Şimal və Orta dəhlizlərdir. Avropa ilə Asiya arasında ticarət dövriyyəsi təxminən 3 trilyon dollar təşkil edir. Bu da olduqca böyük rəqəmdir.
Orta Dəhlizin payı isə hələlik kifayət qədər məhduddur. Əvvəllər bu marşrutla daşınan yüklərin həcmi 1 milyon ton idisə, hazırda bu göstərici 5 milyon tona çatıb. Lakin dəhlizin potensialı bundan qat-qat çoxdur və daşımaların həcmini 20 milyon tona qədər artırmaq mümkündür. Vaxt baxımından isə Orta Dəhliz ən qısa marşrutlardan biridir. Bu marşrut vasitəsilə yüklər 12–15 gün ərzində Şərqdən Qərbə çatdırıla bilər. Beləliklə, həm regional, həm də qlobal ticarətin inkişafına mühüm töhfə verilir”.
Binəli Yıldırım eyni zamanda bildirib ki, digər mühüm layihələrdən biri TANAP qaz kəməridir:
“Bu layihə enerji ehtiyatlarının daşınmasını təmin edir və strateji əhəmiyyətə malikdir. TANAP bir neçə ölkənin ərazisindən keçərək regional enerji təhlükəsizliyinə töhfə verir”.
Gülcahan İmanqızı Türk Dövlətləri Təşkilatı TDT Binəli Yıldırım Orta Dəhliz TANAP