Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 14:45
İran ətrafında münaqişənin uzanması Avropa İttifaqının enerji idxalını diversifikasiya etmək səylərini gücləndirə və bunun nəticəsində Azərbaycanın enerji infrastrukturu və hidrokarbon sektoruna Avropa investisiyalarının artmasına səbəb ola bilər.
"APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Oxford Economics" analitik mərkəzindən bildirilib.
Qeyd olunur ki, Yaxın Şərqdə İran ətrafında münaqişənin keçmiş sovet məkanı ölkələrinə qısamüddətli təsiri məhdud və qarışıq olacaq. Analitiklərin qiymətləndirməsinə görə, bu təsir Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı müharibəsi ilə müqayisədə xeyli zəif olacaq.
Bununla yanaşı, neft və qaz qiymətlərinin artması hidrokarbon ixrac edən ölkələrin – Azərbaycan, Rusiya və Qazaxıstanın ixrac və büdcə gəlirlərinin yüksəlməsinə gətirib çıxara bilər.
Analitiklər bildirir ki, əlavə neft gəlirlərinin iqtisadi artıma qısamüddətli təsiri məhdud ola bilər. Buna səbəb hidrokarbon gəlirlərindən əldə olunan əlavə vəsaitlərin suveren fondlara yönəldilməsini nəzərdə tutan fiskal qaydaların tətbiq edilməsidir.
Hesabatda vurğulanır ki, Azərbaycanın suveren fondu olan Dövlət Neft Fondu (ARDNF) iqtisadiyyatın ölçüsü ilə müqayisədə böyükdür və ÜDM-ə nisbətdə təxminən 100%-ə yaxın səviyyəyə çatır. Eyni zamanda, Azərbaycanın fiskal qaydaları hər il dövlət büdcəsində istifadə edilə bilən neft gəlirlərini məhdudlaşdırır və əlavə gəlirlərin Neft Fonduna yönəldilməsini nəzərdə tutur. Bu fiskal çərçivəyə əməl olunması əlavə neft gəlirlərinin iqtisadiyyata qısamüddətli təsirini minimum səviyyədə saxlayır.
Rahim Tarıverdiyev Oxford Economics İran Azərbaycan enerji Avropa investisiya