Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 16:13
Energetika naziri Pərviz Şahbazov ilə Belçikanın keçmiş Baş naziri Yves Letermenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Belçikanın quruda külək enerjisi layihələrinin inkişafı üzrə ixtisaslaşmış “W-Kracht” şirkətinin də təmsil olunduğu görüşdə Azərbaycanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi və ixracı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə qeyd olunub ki, Azərbaycan regionda sabitlik və konstruktiv əməkdaşlıq üçün mühüm rol oynayır. Bu baxımdan ölkənin enerji siyasəti, xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və enerji dəhlizlərinin yaradılması beynəlxalq tərəfdaşların diqqətini cəlb edir. Hazırda Azərbaycanda külək və günəş enerjisi ilə işləyən 11 elektrik stansiyası layihəsinin icra olunduğu və yeni generasiya güclərinin elektrik şəbəkəsinə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə şəbəkə üzrə xüsusi araşdırma aparıldığı diqqətə çatdırılıb. Həmçinin enerji istehsalına tələbatı artıran data mərkəzlərinin yaradılması planları və elektrik enerjisinin Avropaya ixracı üçün nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, 2032-ci ildən etibarən Şərqi Avropa ilə elektrik bağlantısının yaradılması planlaşdırılır. Bu baxımdan Azərbaycan enerji istehsalı layihələrində iştirak edən və daha sonra həmin enerjini Şərqi Avropa bazarlarında ticarətə çıxaran Avropa şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.
Söhbət zamanı bərpa olunan enerji sahəsində əməkdaşlığın perspektivləri üzrə dialoqun davam etdirilməsi razılaşdırılıb.
Emil İsmayılov Energetika Nazirliyi Pərviz Şahbazov Belçıka bərpa olunan enerji