Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 21:30
“Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Zixlərin müqaviməti və BMT” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları müxtəlif ölkələrdə fəaliyyət göstərən zix icmasının fəallarına, insan hüquqları müdafiəçilərinə və diaspor nümayəndələrinə qarşı təzyiq halları ilə bağlı narahatlıqlarını ifadə ediblər.
APA xəbər verir ki, konfransın yekun bəyanatında qeyd olunub ki, xarici ölkələrdə yaşayan zix fəallarına qarşı gizli müşahidə, təhdid, təqib, dezinformasiya kampaniyaları və zorakılıq kimi hallar barədə sənədləşdirilmiş məlumatlar mövcuddur. Bildirilib ki, bu cür fəaliyyətlər insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqla yanaşı, beynəlxalq hüququn əsas prinsiplərinə və dövlətlərin suverenliyinə də ziddir.
İştirakçılar həmçinin zix fəalı Bhai Hardeep Singh Nijjarın qətlə yetirilməsindən sonra müxtəlif ölkələrdə zix fəallarına qarşı təzyiqlərin davam etməsi ilə bağlı məlumatları narahatlıqla qeyd ediblər. Bu halların ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya ilə yanaşı, bəzi Avropa ölkələrində də müşahidə olunduğu bildirilib.
Bakı Təşəbbüs Qrupu (BTQ) zix xalqının fundamental hüquq və azadlıqlarının qorunması istiqamətində aparılan mübarizəyə dəstəyini bir daha ifadə edib və transmilli repressiya hallarının beynəlxalq təşkilatların gündəliyində prioritet mövzu kimi qaldırılmasının vacibliyini vurğulayıb.
Konfrans iştirakçıları Birləşmiş Millətlər Təşkilatını zix fəalları və diaspor icmalarına qarşı yönəlmiş transmilli repressiya halları ilə bağlı məlumatların sistemli monitorinqini aparmağa, bu halların hərtərəfli araşdırılmasını təmin etməyə və məsul şəxslərin cavabdehliyə cəlb olunmasına çağırıblar.
Bununla yanaşı, BTQ və Sikh Federation International BMT-ni Hindistan hökumətinin zix fəallarına qarşı mümkün hücumları ilə bağlı müstəqil araşdırma aparmağa çağırıblar.
Konfrans iştirakçıları zix və digər icmaların hüquqlarının qorunması məsələsinin beynəlxalq platformalarda gündəmdə saxlanılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.

