, 15 Mart, 2026
Tarix: 15 Mar 2026 17:33
Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə keçirilən referendum beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Səsvermə prosesinin gedişini izləmək üçün müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən müşahidə missiyaları ölkənin müxtəlif bölgələrində monitorinq aparırlar. Rəsmi məlumatlara əsasən, referendumun müşahidəsi üçün 359 beynəlxalq müşahidəçi akkreditə olunub və onlar səsvermə məntəqələrində prosesin təşkili, prosedurların icrası və seçicilərin iştirakı ilə bağlı vəziyyəti yerində izləyirlər. Müşahidəçilər həmçinin seçki administrasiyasının nümayəndələri ilə görüşlər keçirərək səsvermə prosesinin hazırlıq mərhələsi və təşkilati məsələləri barədə məlumat əldə edirlər.
Bununla yanaşı, müşahidə missiyaları məntəqələrdə seçicilərin fəallığını, müşahidəçilərin iştirakını və əlilliyi olan vətəndaşlar üçün yaradılmış şəraiti də izləyirlər. Gün ərzində müxtəlif regionlarda aparılan monitorinqlər nəticəsində beynəlxalq müşahidəçilər referendum prosesinin gedişi ilə bağlı öz müşahidələrini bölüşüblər.
ABŞ Ticarət və İnvestisiya Mərkəzinin direktor müavini Uesli Aleksandr Hill APA-nın Astanaya ezam olunmuş əməkdaşına açıqlamasında referendumun müşahidəsi zamanı tətbiq olunan metodologiya barədə danışıb. Onun sözlərinə görə, müşahidə qrupu yalnız paytaxtdakı məntəqələrlə kifayətlənməyib və səhər erkən saatlarda kənd ərazilərinə səfər edərək müxtəlif yaşayış məntəqələrində yerləşən səsvermə məntəqələrini izləyib. Hill bildirib ki, şəxsən özü 13 fərqli məntəqədə olub və müxtəlif sosial və coğrafi bölgələri əhatə etməyə çalışıblar. Onun sözlərinə görə, ilkin müşahidələr ümidvericidir və proses əsasən beynəlxalq standartlara uyğun təşkil olunub. O qeyd edib ki, məntəqələrdə çalışan heyət müxtəlif sahələrdən cəlb olunub və bu, vətəndaş cəmiyyətinin geniş iştirakını göstərir. Həmçinin səsvermə məntəqələrində siyasi partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının müşahidəçilərinin iştirakı təmin olunub. Hill seçicilər arasında referendumla bağlı marağın yüksək olduğunu da vurğulayıb.
Türk Dövlətləri Əməkdaşlıq Şurasının baş katibinin müavini və referendum üzrə müşahidəçi Ömər Qocaman bildirib ki, Qazaxıstanda yeni Konstitusiya üzrə keçirilən referendum yüksək fəallıq və geniş ictimai iştirakla müşayiət olunur. Onun sözlərinə görə, müşahidəçi missiyası referendumdan əvvəl Mərkəzi Seçki Komissiyası və Xarici İşlər Nazirliyində görüşlər keçirərək səsvermə prosesinin təşkili barədə ətraflı məlumat alıb.
Qocaman qeyd edib ki, ölkənin 20 bölgəsi və paytaxtda referendumun təşkili üçün geniş hazırlıq işləri görülüb və təxminən 71 min əməkdaş prosesin qanunvericiliyə və beynəlxalq prinsiplərə uyğun keçirilməsi üçün fəaliyyət göstərir. O bildirib ki, müşahidəçilər gün ərzində 30-a yaxın məntəqədə monitorinq aparıblar. Onun sözlərinə görə, səsvermə məntəqələrində yerli və beynəlxalq müşahidəçilər iştirak edir, həmçinin əlilliyi olan vətəndaşlar üçün xüsusi şərait yaradılıb. Qocaman bütün bunların prosesin şəffaf və qanunlara uyğun keçirildiyini göstərdiyini vurğulayıb.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının komitə sədri Andrey Şevçenko bildirib ki, Qazaxıstanda keçirilən referendum yüksək səviyyədə təşkil olunub. Onun sözlərinə görə, müşahidəçi missiyası parlament rəhbərliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə görüşlər keçirərək səsvermə prosesi ilə bağlı geniş müzakirələr aparıb.
Şevçenko qeyd edib ki, yeni Konstitusiyanın qəbul edilməsi hər bir dövlət üçün mühüm və taleyüklü hadisədir. Onun sözlərinə görə, referendumdan əvvəl ölkə üzrə geniş məlumatlandırma kampaniyası aparılıb, vətəndaşlarla geribildirim mexanizmi effektiv şəkildə qurulub. O bildirib ki, səsvermə məntəqələri yaxşı hazırlanıb, məlumat materialları aydın təqdim olunub və az hərəkət qabiliyyətli şəxslər üçün xüsusi şərait yaradılıb. Şevçenko könüllülərin və gənclərin fəal iştirakını da müsbət qiymətləndirib.
Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin birinci sədr müavini Kazbek Taysayev Qazaxıstanda keçirilən referendumun təşkilini yüksək qiymətləndirib. O bildirib ki, müşahidəçilər gün ərzində 20-dən çox səsvermə məntəqəsini ziyarət edərək məntəqələrin açılışını, himnin səsləndirilməsini və səsvermə prosesinin gedişini izləyiblər.
Taysayevin sözlərinə görə, məntəqələrdə əlilliyi olan vətəndaşlar üçün yaradılmış şərait, könüllülərin fəaliyyəti və səsvermənin sakit və normal atmosferdə keçirilməsi xüsusi diqqət çəkib. O qeyd edib ki, müşahidəçilər həm gənclərlə, həm də yaşlı seçicilərlə söhbət aparıblar və referendum prosesinə böyük maraq müşahidə olunub. Onun sözlərinə görə, məntəqələrdə çoxlu sayda tələbə və gəncin müşahidəçi kimi iştirak etməsi də prosesin fəallığını göstərir. Taysayev Qazaxıstanda seçki prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Tacikistan Respublikasının Ali Məclisinin Majlisi Milli palatasının komitə sədri Mahmadali Vatanzoda Qazaxıstanda keçirilən referendumun müşahidəsi zamanı səsvermə prosesinin şəffaf və qanunvericiliyə uyğun təşkil olunduğunu bildirib. Onun sözlərinə görə, müşahidələr göstərir ki, ölkənin müxtəlif regionlarında səsvermə Qazaxıstan qanunvericiliyinin tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilir.
Vatanzoda qeyd edib ki, referendum prosesi əhalinin fəal iştirakı ilə müşayiət olunur və vətəndaşlar səsvermədə birbaşa və şəxsi şəkildə iştirak edirlər. O vurğulayıb ki, səsvermə məntəqələrinin təşkili və seçki prosedurları beynəlxalq norma və prinsiplərə uyğun şəkildə həyata keçirilir. Onun fikrincə, bu amillər Qazaxıstanın hüquqi dövlət quruculuğu və sosial demokratik cəmiyyətin inkişafı istiqamətində uğurla irəlilədiyini göstərir.
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Oleq Kopılov Qazaxıstanda keçirilən referendumun səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Onun sözlərinə görə, müşahidə missiyası Astana şəhəri və Akmola vilayətində bir neçə səsvermə məntəqəsində olub və prosesin gedişini yerində izləyib.
Kopılov qeyd edib ki, məntəqələrdə səsvermənin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb, o cümlədən əlilliyi olan vətəndaşların və uzaq yaşayış məntəqələrində yaşayan insanların səsvermədə iştirakına imkan verilib. O, seçicilərin fəallığını və səsvermə məntəqələrində müsbət ab-havanı xüsusi vurğulayıb.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin eksperti, səfir Mutaz Faleh Saleh bildirib ki, Qazaxıstanda keçirilən referendum nizamlı və şəffaf şəkildə təşkil olunub. Onun sözlərinə görə, müşahidələr göstərir ki, səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılıb və vətəndaşlar öz iradələrini sərbəst şəkildə ifadə edə biliblər.
Səfir İsmət Cahan da səsvermə məntəqələrində sakit və yaxşı təşkil olunmuş mühitin müşahidə edildiyini qeyd edib. O bildirib ki, üç məntəqədə səsvermə prosesini izləyib və hər şey yüksək səviyyədə təşkil olunub.
Cahan seçki məntəqələrinin əlilliyi olan vətəndaşlar üçün də əlçatan olduğunu vurğulayıb və xüsusi kabinələrin yaradıldığını qeyd edib. O, həmçinin referendum komissiyasının hazırlıq və təşkilat işlərini müsbət qiymətləndirib.
Faiq Mahmudov Beynəlxalq müşahidəçilər Qazaxıstan referendum