Cümə, 20 Mart, 2026
Tarix: 20 Mar 2026 18:13
İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin son açıqlamalarına qarşı kəskin etiraz edib.
Tasnim agentliyinin məlumatına görə, İran tərəfi onu ölkənin nüvə materialları və obyektləri ilə bağlı məxfi məlumatları düzgün olmayan şəkildə açıqlamaqda ittiham edib.
Nümayəndəlik bildirib ki, bu cür açıqlamalar ciddi narahatlıq doğurur və üzv dövlətlər tərəfindən AEBA-ya təqdim edilən məxfi təminat məlumatlarının icazəsiz açıqlanması həm Kompleks Təminat Sazişinin, həm də agentliyin nizamnaməsinin pozulması deməkdir.
Açıqlamada qeyd olunub ki, Rafael Qrossinin İranın nüvə materiallarının və obyektlərinin yerləşdiyi yerlərlə bağlı səsləndirdiyi fikirlər olduqca narahatedicidir. Hökumətlər tərəfindən AEBA-ya etibar edilən həssas məlumatların açıqlanması həm beynəlxalq sazişlərin, həm də agentliyin hüquqi əsaslarının pozulması kimi qiymətləndirilir.
İran tərəfi əlavə edib ki, bu cür məsuliyyətsiz və siyasi motivli davranışlar agentliyin etibarlılığına zərbə vurur və AEBA-nı beynəlxalq səviyyədə ciddi məsuliyyət riski ilə üz-üzə qoyur.
Qeyd olunub ki, Qrossi bu açıqlamaları son günlər beynəlxalq media qurumlarına verdiyi müsahibələr zamanı səsləndirib. O, regiondakı münaqişə və hərbi əməliyyatların nəticələrini şərh edərkən İranın nüvə ehtiyatlarının və obyektlərinin yerləşməsi ilə bağlı məlumatlara toxunub.
İran MAQATE Rafael Qrossi nüvə proqramı məxfi məlumat təminat sazişi Vyana beynəlxalq təşkilatlar diplomatiya nüvə obyektləri