Mənzil tikintisinə investisiya yatırımı 30%-dən çox azalıb

Tarix: 23 Mar 2026 13:15

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mənzil tikintisi sahəsinə 207,7 milyon manat investisiya yatırılıb.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 31,4% azdır.

2026-cı ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 77,2 faizini inşa, yenidənqurma və bərpa, 9,2 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 5,5 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,2 faizini qeyridövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.

Xatırladaq ki, 2025-ci ildə tikilib istifadəyə verilən evlərin ümumi sahəsi ümumi sahəsi 4 milyon 629 min 528 kvadrat metr təşkil edib.

Hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin ümumi sayı 25 350 ədəd, bina evlərinin sayı isə 10 040 ədəd təşkil edib

Yeri gəlmişkən bildirək ki, ötən iki ayda Azərbaycanda istirahət, əyləncə və incəsənət sahəsinə 2,1 milyon, nəqliyyat və anbar təsərrüfatı sahəsinə 606,6 milyon, həmçinin, informasiya və rabitə sahəsinə isə 106,1 milyon manat sərmayə qoyulub ki, bu da 2025-ci ilin yanvar-fevral aylarına nisbətən müvafiq olaraq 14,7 dəfə, 12,1% və 2,1 dəfə çoxdur.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru üzrə 60,2 milyon manat investisiya yatırılıb ki, bu da illik müqayisədə 4,1 dəfə çoxdur.

İlahə Səlimova mənzil tikintisi investisiya qoyuluşu Azərbaycan sərmayə

Xəbər Lenti